Ordudakı mənbənin verdiyi məlumata görə, Çevik Dəstək Qüvvələri əvvəllər təhlükəsiz sayılan ərazilərə hücumlarını davam etdirir. Pilotsuz uçuş aparatları Sudanın şərq və cənubunda ordunun nəzarətində olan əraziləri hədəf alıb.
Adının açıqlanmasını istəməyən mənbə bildirib ki, hücumlar zamanı Port Sudan yaxınlığındakı hökumət qərargahı və əsas dəniz bazası, eləcə də Kosti şəhərindəki yanacaq anbarları hədəf alınıb.
AFP-yə açıqlama verən mənbə bildirib ki, silahlılar Port Sudanın şimalındakı Flaminqo Hərbi Dəniz Bazasına bir daha dron hücumu həyata keçiriblər.
Mənbə əlavə edib ki, hücumdan sonra liman ərazisində partlayış səsləri eşidilib.
Qırmızı dəniz sahilində yerləşən Port Sudan, bazar gününə qədər yüz minlərlə məcburi köçkün və Birləşmiş Millətlər Təşkilatının ofislərinə ev sahibliyi edən təhlükəsiz bir sığınacaq idi.
Humanitar yardıma təsir
Port Sudan, Sudan üçün humanitar yardımın əsas giriş nöqtəsidir və BMT-nin Baş katibi Antonio Quterreşin sözçüsü Stefan Dujarrikin verdiyi məlumata görə, hücumlar "humanitar ehtiyacları artıran və ölkədəki yardım əməliyyatlarını daha da çətinləşdirən risk" yaratmaqdadır.
Hərbi mənbələrin verdiyi məlumata görə, cənubda Çevik Dəstək Qüvvələrinin (ÇDQ) pilotsuz uçuş aparatları Ağ Nil əyalətinin, ordunun nəzarətində olan Kosti şəhərindəki yanacaq anbarlarını hədəf alaraq böyük yanğınlara səbəb olub.
‘‘ÇDQ silahlıları əyaləti üç pilotsuz uçuş aparatı ilə hədəf alıb və yanğınların başlamasına səbəb olub”, – adının açıqlanmasını istəməyən mənbə AFP-yə açıqlamasında qeyd edib.
Çevik Dəstək Qüvvələri hücumlarla bağlı heç bir açıqlama verməyib.
Sudandakı vətəndaş müharibəsi
BMT-nin məlumatına görə, iki ildən artıq davam edən müharibə on minlərlə insanın ölümünə və 13 milyona yaxın insanın yurdlarından didərgin düşməsinə səbəb olub.
2023-cü ilin aprelində ordu komandiri Əbdülfəttah əl-Burhan ilə onun keçmiş müavini və Çevik Dəstək Qüvvələrinin (ÇDQ) komandiri Məhəmməd Həmdan Dağlo arasında hakimiyyət uğrunda mübarizə kimi başlayan hadisə, Birləşmiş Millətlər Təşkilatının dünyanın ən pis humanitar böhranı kimi təsvir etdiyi vəziyyətə çevrilib.
Müharibə faktiki olaraq ölkəni ikiyə böldü. Ordu şimala, şərqə və mərkəzə nəzarət edir, ÇDQ isə əsasən qərbi Darfur və cənubun bəzi hissələrinə hakimdir.