ABŞ Dövlət katibi Marko Rubio rəsmi Vaşinqtonun Suriyanın yeni başçısı - prezident Əhməd Şəraa rəhbərliyindəki hökumətə dəstək verdiyinə dair açıq siqnal göndərib. O, bu açıqlamanı 15 mayda Türkiyənin Antalya şəhərində keçirilən NATO Xarici İşlər Nazirləri qeyri-rəsmi toplantısında söyləyib: “Bu, tarixi bir fürsətdir. Əgər proses uğurla nəticələnərsə, onun regiona xoş şəkildə dəyişdirici təsiri olacaq.”
M.Rubionun açıqlamaları ABŞ prezidenti Donald Trampın mayın 14-də Səudiyyə Ərəbistanının paytaxtı Riyadda Suriya prezidenti Əhməd Şəraa ilə keçirdiyi yüksək səviyyəli görüşdən bir gün sonraya təsadüf edir. Bu, Bəşər Əsəd rejiminin 2024-cü ilin dekabr ayında süquta uğramasından sonra Birləşmiş Ştatlar ilə Suriya arasında keçirilmiş ən yüksək səviyyəli diplomatik görüşdür. Tramp ABŞ-ın Suriyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğv olunacağını açıqlamış və görüşü “möhtəşəm” deyə qiymətləndirmişdi.
Marko Rubio çıxışında yeni Suriya rəhbərliyini ölkəni çoxluq əsaslı bir cəmiyyət kimi yenidən qurmaqda qərarlı bir hökumət kimi təsvir edib: “Suriya bütün qonşuları ilə sülh şəraitində yaşamaq, xarici döyüşçü və terrorçu qrupları ölkədən çıxarmaq istiqamətində istəklidir. ABŞ bu prosesi dəstəkləməyə hazırdır. Amerika yardımı Suriyanın konkret və irəliləyiş yönümlü addımlar atmasına bağlı olacaq. Açıq deyim ki, biz real irəliləyiş görmək istəyirik. Atılan hər bir addımı dəstəkləyəcəyik, lakin bu, uzun proses olacaq.”
Rubio həmçinin gələcəkdə ABŞ Konqresinə müraciət edərək Suriyaya tətbiq olunan sanksiyaların daimi aradan qaldırılmasını istəyə biləcəklərini də qeyd edib: “Düşünürəm ki, ilk növbədə, yardım göstərmək istəyən xarici tərəfdaşların sanksiya riski olmadan bunu edə bilmələrinə imkan verəcək hüquqi güzəştlərlə başlamaq lazımdır.”
Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani və Türkiyə xarici işlər naziri Hakan Fidan ilə üçtərəfli görüşdə də iştirak edən Mark Rubio daha sonra Şeybani ilə danışıqları davam etdirib.
ABŞ Dövlət Departamentinin mətbuat katibi müavini Tommi Piqott administrasiyanın prezidentin sanksiyaların aradan qaldırılması qərarını artıq tətbiq etməyə başladıqlarını təsdiqləyib. Lakin sanksiyaların tam şəkildə nə vaxt və hansı şərtlərlə ləğv ediləcəyi sualına cavab olaraq “Bu barədə proqnoz verə bilmərəm” deyib.
Uzunmüddətli sülh və rifah üçün fürsət
T.Piqqot bildirib ki, “Bu, Suriyaya bir fürsət təqdim etmək məsələsidir. Prezident tərəfindən irəli sürülən addımlar var. Bunlar artıq Ağ Evin yayınladığı bəyanatda və buradakı çıxışlarımızda ətraflı şəkildə izah edilib. Əgər Suriya bu addımları atarsa, uzunmüddətli sülh və rifah mümkün olacaq.”
Prezident D.Tramp mayın 12-də Riyadda keçirilən 2025-ci il Səudiyyə Ərəbistanı–ABŞ İnvestisiya Forumunda verdiyi bəyanatda Suriyaya qarşı tətbiq olunan “amansız və iflicedici” sanksiyaların ləğvini əmr etdiyini və bununla da ölkəyə “böyümək üçün şans” verəcəyini açıqlamışdı. Bu qərarı o, prezident Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanla apardığı görüşlərdən sonra verib.
Riyad görüşü zamanı Tramp ilk dəfə suriyalı həmkarı Şəraa ilə bir araya gəlib ki, müzakirələrdə Məhəmməd ibn Salman qatılıb, Rəcəb Tayyib Ərdoğan isə onlayn iştirak edib. ABŞ prezidenti görüşü “mükəmməl” adlandıraraq, Əhməd Şəraanı “güclü keçmişə sahib möhkəm bir lider” adlandırıb.
Qeyd edək ki, Suriyaya təxminən 25 il rəhbərlik etmiş Bəşər Əsəd 2024-cü il dekabrın 8-də Rusiyaya qaçıb. Bununla da 1963-cü ildən bəri hakimiyyətdə olan Baas partiyası rejiminə son qoyulub. Onun devrilməsinə rəhbərlik edən rejim əleyhdarlarının lideri Əhməd Şəraa 2025-ci il yanvar ayının sonunda Suriya prezidenti elan edilib.