Suriyanın yeni hakimiyyəti ABŞ-a müharibədən zərər çəkmiş ölkədə itkin düşmüş amerikalıların tapılmasında və geri qaytarılmasında kömək etməyə razılıq verib.
“Yeni Suriya hökuməti ABŞ vətəndaşlarının və ya onların qalıqlarının tapılması və geri qaytarılması üçün Birləşmiş Ştatlara kömək etməyə razılaşıb”, - deyə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak mayın 25-də “X” platformasında məlumat verib və bunu “irəliyə doğru güclü bir addım” adlandırıb. “Ostin Tays (Austin Tice), Mecd Kamalmaz və Kayla Müllerin ailələri bir xəbər almalıdır”, - o əlavə edib.
Axtarış 2011-ci ildə başlayan Suriyanın dağıdıcı vətəndaş müharibəsi zamanı itkin düşən və ya öldürülən amerikalılara aid edilir.
ABŞ-Suriya münasibətləri keçmiş prezident Bəşər Əsədin 2024-cü ilin dekabrında devrilməsindən sonra – 10 ildən çox davam edən diplomatik donmanın başa çatması ilə tədricən yaxşılaşmağa başlayıb.
Ostin 2012-ci ilin avqust ayında bir nəzarət məntəqəsində saxlanılırdı. “Agence France-Presse”, “The Washington Post” və bir sıra media qurumları üçün sərbəst jurnalist kimi çalışırdı.
Kamalmaz suriyalı-amerikalı psixoterapevt idi, 2017-ci ildə Əsəd rejimi tərəfindən saxlanıldıqdan sonra öldüyü güman edilir.
Müller DAEŞ (İŞİD) tərəfindən qaçırılmış humanitar qurum işçisiydi. Onun ölümü 2015-ci ilin fevral ayında DAEŞ tərəfindən elan olundu. Onlar Müllerin İordaniya hava zərbəsi nəticəsində öldüyünü iddia etsələr də, ABŞ hakimiyyət orqanları bunu qəbul etmədi.
Yeni bir fəsil
“Suriyanın yeni hakimiyyəti ABŞ-a müharibədən zərər çəkmiş ölkədə itkin düşmüş amerikalıların tapılmasında və geri qaytarılmasında kömək etməyə razılıq verib” açıqlaması Birləşmiş Ştatların Suriyaya qarşı sanksiyaları rəsmi olaraq ləğv etməsindən bir gün sonra gəldi və iki ölkə arasındakı əvvəllər gərgin olan əlaqələrdə yeni bir fəsilin başlanğıcını yaratdı.
“ABŞ prezidenti Donald Tramp Amerika vətəndaşlarının evə qaytarılmasının və ya onların qalıqlarının ləyaqətlə torpağa tapşırılmasının hər yerdə əsas prioritet olduğunu açıq şəkildə bildirib. Yeni Suriya hökuməti bu öhdəliyimizdə bizə kömək edəcək,” – deyə ABŞ-ın Türkiyədəki səfiri belə qeyd edib.
Vaşinqtonun siyahısında daha 11 ad var və onların hamısı suriyalı-amerikalı olaraq ikili vətəndaşdır.
ABŞ sanksiyalarının rəsmi ləğvi Suriyanın yeni hakimiyyətinin daxili işlər nazirliyini sərhəd narkotik və insan qaçaqmalçılığı ilə mübarizəni də əhatə edəcək şəkildə yenidən təşkil etməsi ilə üst-üstə düşüb. Bu, Qərblə əlaqələri yaxşılaşdırmaq üçün atılan addımlardan biridir.
Sanksiyaların ləğvi müharibədən zərər çəkmiş ölkədə yenidənqurma işlərinin yolunu açır. Hakimiyyət orqanları yenidən qurma üçün böyük xərcləri qarşılamaq məqsədilə xarici yardımlara güvənir.
Suriyanın Xarici İşlər Nazirliyi mayın 23-də ABŞ-ın sanksiyaları ləğvini alqışlayaraq bunu “ölkədə humanitar və iqtisadi çətinlikləri azaltmaq üçün doğru istiqamətdə atılmış müsbət addım” adlandırıb.