Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin iyunun 30-da yaydığı açıqlamada “Heyət Təhrir əş-Şam” (HTŞ) qrupunun terror təşkilatı statusunun yenidən qiymətləndiriləcəyi və Suriyaya qarşı tətbiq olunan sanksiyaların tamamilə dayandırılmasının müzakirə edildiyi bildirilib. Açıqlamada bu qərarın prezident Donald Trampın göstərişlərinə uyğun olduğu qeyd olunub.
Açıqlamada həmçinin vurğulanıb ki, atılan bu addımlar Suriya xalqının təhlükəsiz, sabit və uğurlu bir gələcək qurmaq yolunda yeni bir səhifə açmasına işarə edir.
“Sabitlik və sülh yolu”
Ağ Ev iyunun 30-da verdiyi bəyanatda Donald Trampın Suriyaya qarşı tətbiq olunan ABŞ sanksiyalarını sona çatdırmaq üçün prezident fərmanı imzaladığını açıqlayıb.
Bundan әvvәl Ağ evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə verdiyi açıqlamada bu qərarın Suriyanın “sabitlik və sülh yolunu” dəstəkləmək məqsədi daşıdığını bildirmişdi.
Qeyd edәk ki, D.Tramp may ayında Riyadda keçirilən bir investisiya forumunda Suriyaya qarşı tətbiq olunan “dağıdıcı” sanksiyaların ləğv ediləcəyini bəyan etmişdi. Elə ertəsi gün isə Səudiyyə Ərəbistanında Suriya keçid hökümәti prezidenti Əhməd Əl Şaraa ilə tarixi görüş keçirilmişdi. Bu, ABŞ və Suriya rәhbәrlәri arasında son 25 ildə baş tutan ilk yüksək səviyyəli görüş olub.
Xatırladaq ki, təxminən 25 ildir Suriyanı idarə edən B.Əsəd 8 dekabr tarixində HTŞ-nin rəhbərlik etdiyi müxalif qrupların Dәmәşq şəhərini qısa zamanlı hücumla ələ keçirməsinin ardından Rusiyaya qaçıb.