ABŞ przidenti Donald Tramp Vaşinqtonun Suriya üzrə yeni xüsusi elçisinin ölkənin Əsəd ailəsinin onilliklər boyu sürdüyü hakimiyyətdən çıxış prosesində "birlikdə işləməkdə böyük potensial” gördüyünü söyləyib.
Bu barədə Ağ Ev rəhbəri sosial şəbəkədə bildirib: “Birləşmiş Ştatların Türkiyədəki səfiri Tom Barrakın Suriya üzrə xüsusi elçimiz kimi fəaliyyət göstərəcəyini elan etməkdən məmnunam.
Tom Suriya ilə işləməyin radikalizmi dayandırmaq, münasibətləri yaxşılaşdırmaq və Yaxın Şərqdə sülhə nail olmaq üçün böyük potensiala malik olduğunu başa düşür. Biz birlikdə Amerikanı və dünyanı yenidən təhlükəsiz edəcəyik!".
Bu açıqlama Trampın “qəddar və dağıdıcı” olaraq təsvir etdiyi və Əsəd hakimiyyəti dövründə tətbiq edilən Suriya sanksiyalarının ləğvindən bir neçə gün sonraya təsadüf edir. Prezident deyib ki, bu qərar prezident Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın tələbləri əsasında verilib.
Tramp ötən ay Səudiyyə Ərəbistanına səfəri zamanı Ər-Riyadda Suriya prezidenti Əhməd Şaraa ilə görüşüb. Bu tarixi görüş ABŞ və Suriya liderləri arasında son 25 ildə ilk görüş olub. Son görüş 2000-ci ildə Cenevrədə keçmiş prezident Bill Klintonun Hafiz Əsədlə olub.
ABŞ dövlət katibi Marko Rubio keçən həftə qanunvericilərə Vaşinqtonun Suriyanın yeni hökumətinin uğur qazanmasına kömək etmək səylərini dəstəklədiyini bildirib və uğursuzluğun yenidən münaqişələrə və regional qeyri-sabitliyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.