NATO-nun xarici işlər nazirləri 14–15 may tarixlərində Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə Antalyada keçiriləcək qeyri-rəsmi toplantıda (NATO iFMM) bir araya gələcəklər.
Diplomatik mənbələrin verdiyi məlumata görə, NATO-nun 32 üzv ölkəsindən nümayəndələrin iştirakı gözlənilən bu görüş, 24–25 iyun tarixlərində Haaqada keçiriləcək NATO liderlər zirvəsi öncəsi əlavə məsləhətləşmələr üçün imkan yaradacaq.
14 may axşamı xarici işlər nazirləri, NATO-nun Baş katibi Mark Rutte və digər yüksək vəzifəli rəsmilər Fidanın ev sahibliyi ilə təşkil olunacaq tədbirdə iştirak edəcəklər.
15 may səhəri isə Şimali Atlantika Şurasının qeyri-rəsmi iclası keçiriləcək və nazirlər, əsas mövzularla yanaşı yaxınlaşmaqda olan NATO zirvəsində qəbul edilə biləcək qərarlar ətrafında fikir mübadiləsi aparacaqlar.
Alyans daxilində yükün paylaşdırılmasının yenidən tənzimlənməsi və Avropanın təhlükəsizlik gələcəyinin formalaşdırılması əsas müzakirə mövzularından biri olacaq.
H. Fidanın NATO-nun birliyinin və çəkindiricilik qabiliyyətinin gücləndirilməsinin əhəmiyyətini vurğulaması və Avropa-Atlantik təhlükəsizliyində qurucu rolun aşınmasına qarşı xəbərdarlıq etməsi gözlənilir.
Terrorla mübarizədə həmrəylik ehtiyacı
Fidan eyni zamanda Türkiyənin müdafiə sahəsindəki sərmayələrini və alyansa verdiyi töhfələri daha da artırmaqda qərarlı olduğunu vurğulayacaq və NATO-nun ümumi daxili məhsulun 2 faiz hədəfini Türkiyənin artıq aşdığını qeyd edəcək.
Türkiyənin xarici işlər nazirinin müdafiə sənayesində əməkdaşlığa qarşı bütün maneələrin aradan qaldırılması çağırışı etməsi və terrorla mübarizədə real həmrəylik ehtiyacını vurğulaması gözlənilir. Bundan əlavə, H. Fidan Türkiyənin qonşu bölgələrdə və Orta Şərqdə sülh və sabitliyə verdiyi dəstəyi bir daha ifadə edəcək.
Görüş çərçivəsində Fidanın həmkarları ilə bir sıra ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.
Qeyd edik ki, 70 ildən artıqdır NATO üzvü olan Türkiyə alyansın müdafiə təminatında mərkəzi rol oynayır.
Türkiyə həm də NATO Quru Qoşunları Komandanlığına (LANDCOM) ev sahibliyi edir.
NATO-nun komanda və qüvvə strukturlarına ən çox töhfə verən ölkələr arasında yer alan Türkiyə alyansın missiyalarına və əməliyyatlarına daim dəstək göstərir.