Pakistanın Milli Fəlakətlərlə Mübarizə İdarəsi iyunun 26-dan bəri yağıntılarla əlaqədar baş verən hadisələrdə 63 nəfərin öldüyünü, 100-dən çox insanın isə yaralandığını bildirib. Tәkcә son 24 saat ərzində daha 6 nəfər həyatını itirib.
Pəncab əyalətində aralarında 11 uşağın da olduğu 21 nəfər ölüb. Xeybər-Paxtunxva əyalətində isə 10-u uşaq, 5-i qadın olmaqla 22 nəfər həyatını itirib. Sind əyalətində 15 adam, Bəlucistanda isə 5 nəfər dünyasını dəyişib.
Musson öncəsi yağıntıların səbəb olduğu ani sel hadisələri Svat vadisindəki turistlәrә dә mәnfi tәsir edib. Belә ki, vadidә olan turistlәrdәn 7-si ölüb, çox sayda insan isə itkin düşüb. Bölgədə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Sosial mediada yayılan videolarda yüksələn sular səbəbindən köməksiz qalan insanların görüntüləri yer alıb. Baş nazir Şahbaz Şərif hadisə ilə bağlı dərin kədərini ifadə edərək çay və çaylaq kənarlarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı aidiyyəti qurumlara göstəriş verib.
Qeyd edәk ki, Hindistanın şimalındakı Himaçal-Pradeş əyaləti də güclü yağıntılardan ciddi zərər görüb. Güclü leysan və sel hadisəsi nəticəsində 10 nəfərin öldüyü, 34 adamın isə itkin düşdüyü təsdiqlənib. Ölkә rәsmilәrinin məlumatına görə, son 32 saat ərzində 350-dən çox şəxs xilas edilib. Hakimiyyət orqanları fəlakət bölgələrində fasiləsiz işləyir.
Yağıntılar davam edə bilər
Adətən iyun-sentyabr aylarında müşahidə olunan musson mövsümü region üçün həyati əhəmiyyət daşıyan yağıntılar gətirsə də, tez-tez ölümcül daşqınlara və infrastrukturun dağılmasına səbəb olur.
Hava proqnozlarına əsasən, bu ilki musson yağışlarının 2022-ci ildə Pakistan ərazisinin üçdə birini su altında qoyan və 1.740 nəfərin ölümünə səbəb olan fəlakətli mövsümdən daha zəif keçəcəyi gözlənilir. Lakin artıq indidən alçaq ərazilərdə və riskli zonalarda ciddi fəsadlar yaranıb.
Sinoptiklər növbəti günlərdə də yağıntıların davam edə biləcəyi barədə xəbərdarlıq edirlər.