Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamenti iki Çin vətəndaşını Pekin hökuməti üçün gizli agent kimi fəaliyyət göstərməkdə və ABŞ hərbi qulluqçularını hədəf alaraq məxfi məlumatlar əldə etməyə çalışmaqda ittiham edib.
İyulun 2-dә yayılan rəsmi açıqlamada bildirilib ki, Yuance Çen (38 yaş) və Liren Lay (39 yaş) ABŞ ərazisində Çin Xalq Respublikasının Dövlət Təhlükəsizliyi Nazirliyi adından gizli fəaliyyət göstəriblər.
Prokurorluğun məlumatına görə, sözügedən şəxslər ABŞ Hərbi Dəniz Qüvvələrinə dair kəşfiyyat məlumatlarını toplamağa, habelə hərbi xidmət keçən şəxsləri Çin kəşfiyyat fəaliyyətlərinə cəlb etmək üçün ələ almağa çalışıblar.
Onlar ötən iyunun 27-dә saxlanılıb və 30 iyun tarixindә müvafiq şәkildә Hyuston (Texas) və Portlend (Oreqon) şəhərlərində ilkin məhkəmə qarşısına çıxarılıblar.
ABŞ Baş prokuroru Pem Bondi bu hadisəni Çin tərəfindən Amerikanın müdafiə sistemini daxildən zəiflətmək məqsədilə həyata keçirilən daha geniş strategiyanın bir hissəsi kimi qiymətləndirib.
P.Bondi deyib: “Bu cinayət işi Çin hökumətinin ordumuza sızmaq və milli təhlükəsizliyimizi daxildən zəiflətmək istiqamətində dayanmadan göstərdiyi aqressiv səylərin daha bir sübutudur.”
Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kaş Patel dә mәsәlәyә münasibәt bildirәrәk deyib: “Çin tərəfindən sərhədlərimizi pozmağa yönəlmiş genişmiqyaslı cəhdlərə qarşı vətənimizi ayıq şəkildə müdafiə etməyə davam edəcəyik.”
Qeyd edәk ki, Vaşinqtonda yerləşən Çin Xalq Respublikasının Səfirliyi hәlәlik məsələ ilә bağlı fikir bildirmәyib.