“Rahma Worldwide” mayın 29-da “Facebook” sosial şəbəkəsində yaydığı açıqlamada bildirib ki, 4.000 ərzaq qutusu və 16 konteyner buğdanı Qəzzaya çatdırmaq üçün dörd gündür gözləyirlər, lakin yardımları ehtiyacı olan insanlara təhvil verə bilməyiblər.
Qurumun məlumatına görə, yardımlar GHF tərəfindən müsadirə edilib. GHF bu yardımların paylanmasına yardım edəcəklərini bildiriblər. Lakin “Rahma Worldwide” bu təklifi rədd edib.
“Rahma Worldwide”nin “The Guardian” qəzetinə verdiyi bəyanatda qeyd olunub ki, onların loqosu ilə təchiz olunmuş ərzaq qutuları icazəsiz istifadə edilib.
Hadisə ilə bağlı fotolar GHF-nin mətbuat materiallarında da yer alıb və qutular üzərində “Rahma Worldwide” ilə yanaşı, onun tərəfdaşı olan “Heroic Hearts” təşkilatının loqoları da əks olunub.
Qeyd edək ki, GHF yaradıldığı gündən bəri davamlı müzakirə mövzusu olub. Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla bir çox humanitar yardım təşkilatları GHF-nin yardımları məhdudlaşdırdığını və humanitar prinsipləri pozduğunu bildirərək bu qurumdan uzaqlaşıblar.
Xatırladaq ki, mübahisəli Qəzza Humanitar Yardım Fondu (GHF), mayın 27-də Qəzzanın cənubundakı yardım paylama mərkəzində fəaliyyətə başlayıb.
BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) rəhbəri Filip Lazzarini GHF-nin yardım paylanmasını kəskin şəkildə tənqid edib. O, deyib:“Aç insanların dəmir barmaqlıqlara itələndiyi, ərzaq üçün ümidsiz mübarizə apardığı dəhşətli görüntülərə şahid olduq. Bu vəziyyət xaotik, ləyaqətsiz və təhlükəlidi.”
Birləşmiş Millətlər Təşkilatı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) xəbərdarlıq edib ki, GHF-nin yardımların fasiləsiz çatdırılması, təhlükəsiz şəraitdə paylanması və təcili yardım ehtiyaclarının tez bir zamanda təsdiqlənməsi, Qəzzadakı təxirəsalınmaz əsas humanitar prioritetlərdən diqqətləri yayındıra bilər.
Bəzi insan hüquqları təşkilatları isə rəsmi Tel-Əvivi Qəzzadakı fələstinliləri bilərəkdən aclığa məruz qoymaqda və ərzaqdan müharibə silahı kimi istifadə etməkdə ittiham edirlər.
Xatırladaq ki, İsrail martın 2-dən etibarən Qəzzaya ərzaq, tibbi və humanitar yardımların keçidini tamamilə dayandırıb. Bu isə 2,4 milyonluq əhalisi olan bölgədə humanitar böhranı daha da dərinləşdirib.