ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Konqo Demokratik Respublikası (KDR) ilə Ruanda arasında sülh sazişinə nail olunduğunu açıqlayıb. O, razılaşdırılan sülh sazişi ilə bağlı səylərinə görə təqdir olunsa da, bu səylərin Nobel Sülh Mükafatı ilə qiymətləndirilmədiyindən gileylənib.
İyunun 18-dә hər iki Afrika ölkəsi tərəfindən yayımlanan ortaq bəyanatda Konqo Demokratik Respublikasının şərqindəki münaqişəyə son qoymağı hədəfləyən bir saziş layihəsinin hazırlandığı və bu sənədin növbəti həftə ABŞ paytaxtında rəsmi şəkildə imzalanacağı qeyd olunub.
D.Tramp özünün “Truth Social” platformasındakı paylaşımında belə deyib: “Bu, Afrika üçün möhtəşəm bir gündür və açığı, dünya üçün də eyni dərəcədə əhəmiyyətlidir!”
Lakin Amerika prezidenti Hindistan ilə Pakistan, eləcə də Serbiya ilə Kosova arasındakı gərginliklərdə oynadığı vasitəçilik rolunun Norveç Nobel Komitəsi tərəfindən görməzlikdən gəldiyini bildirib.
O, həmçinin Misir və Efiopiya arasında sülhü qorumaq və İsrail ilə bir neçə ərəb dövləti arasında münasibətlərin normallaşdırılmasını hədəfləyən “İbrahim Sazişlərinin” müzakirə prosesindəki rolunun da dəyərləndirilməsini tələb edib.
Qeyd edək ki, Donald Tramp Ukraynadakı müharibəni və Qəzzadakı soyqırımı sürətlə sona çatdırmaq üçün danışıqlar aparacağını vəd etmiş və bu məqsədlə “sülh elçisi” obrazında prezidentlik kampaniyası keçirmişdi. Lakin prezidentliyinin beşinci ayında hər iki münaqişə hələ də davam etməkdədir.
Donald Tramp illər ərzində bir çox tərəfdarı və ona yaxın konqres üzvləri tərəfindən Nobel Sülh Mükafatına namizəd göstərilib. O, hәmçinin bu nüfuzlu mükafata layiq görülməməsindən narazı olduğunu heç vaxt gizlətməyib. Hətta fevral ayında Ağ Evdə keçirilən görüş zamanı İsrailin Baş naziri Benyamin Netanyahunun iştirakı ilə bu məsələni yenidən gündəmə gətirmişdi.
Xatırladaq ki, sabiq prezident Barak Obama vəzifəyə gəldikdən az sonra, 2009-cu ildə Nobel Sülh Mükafatına layiq görülmüşdü. Donald Tramp isə 2024-cü il seçki kampaniyası zamanı B.Obamanın bu mükafata layiq olmadığını iddia etmişdi.
Vaşinqtonda imza mərasimi
D.Tramp Konqo Demokratik Respublikası və Ruanda nümayəndə heyətlərinin iyunun 23-dә Vaşinqtonda keçiriləcək imza mərasimi üçün hazır olacaqlarını bildirib. Lakin tərəflərin birgə açıqlamasında sənədin 27 iyun tarixində imzalanacağı qeyd edilib.
Qeyd edәk ki, təbii sərvətlərlə zəngin olan Konqo Demokratik Respublikasının şərq bölgəsi Ruanda ilə sərhəddə yerləşir və artıq 30 ilə yaxındır ki, münaqişәnin episentridir. Bölgədəki gərginlik 2021-ci ilin sonlarında hökumətə qarşı fəaliyyət göstərən “M23” silahlı qruplaşmasının yenidən hücuma keçməsi ilə daha da şiddətlənib.