Bu addım 10 ildən çox davam edən vətəndaş müharibəsindən sonra Suriyanın münaqişə sonrakı bərpasında rəsmi Ankaranın artan rolunu göstərir.
Mayın 22-də Suriyanın Enerji naziri Məhəmməd Bəşir ilə birgə mətbuat konfransında çıxış edən A.Bayraktar qaz ixracının Suriyada əlavə 1300 meqavat elektrik enerjisi istehsalını dəstəkləyəcəyini və ölkənin xroniki enerji çatışmazlıqlarını qarşılamağa kömək edəcəyini bildirib. Türkiyə Suriyanın qısamüddətli ehtiyaclarına yardım üçün birbaşa 1000 meqavat elektrik enerjisi də təmin edəcək.
Boru kəmərinin bərpası və gələcək layihələr
Məhəmməd Bəşir hər iki tərəfin Suriyanı Türkiyə ilə birləşdirən və uzun müddətdir fəaliyyətsiz olan qaz boru kəmərinin yenidən aktivləşdirilməsi barədə razılığa gəldiyini təsdiqləyib. Qaz axınlarının iyun ayında (2025) başlanması gözlənilir.
“Bu, elektrik enerjisi istehsalını əhəmiyyətli dərəcədə artıracaq və Suriya xalqının elektrik ehtiyaclarına müsbət təsir göstərəcək,” - deyə suriyalı nazir bildirib.
Nazirlər həmçinin iki ölkəni birləşdirən və 2025-ci ilin sonuna qədər istifadəyə verilməsi gözlənilən 400 kilovoltluq elektrik xəttinin tamamlanmasını da müzakirə ediblər. Bu xətt Suriyanın Türkiyədən 500 meqavata qədər elektrik idxalına imkan yaradacaq.
Türkiyə sərmayəsi
Elektrik anlaşması Türkiyə özəl sektorunun Suriyanın enerji və mədən sənayesinə sərmayə qoyması üçün yol açır. Bayraktar Türkiyə şirkətlərinin mədənçilik, fosfat çıxarılması, enerji istehsalı və elektrik paylanması sahələrində imkanları araşdırmağa dəvət ediləcəyini söyləyərək deyib: “Quruda və dənizdə yeni təbii resursların - qaz və ya neftin kəşfi ilə bağlı çox intensiv işlər aparılır. Gələcəkdə mümkün birgə kəşfiyyat işləri başlanacaq”.