Pakistan ordusu mayın 3-də 450 kilometr (280 mil) mənzilli yer-yer tipli raket növünün uğurlu sınaq atışını həyata keçirdiyini bildirib.
Ordunun bəyanatında həmçinin qeyd edilir ki, sınaq atışının məqsədi qoşunların əməliyyat hazırlığını təmin etmək, raketin təkmil naviqasiya sistemi və manevr qabiliyyəti kimi əsas texniki parametrlərini yoxlamaqdır.
Pakistan prezidenti Asif Əli Zərdari, baş nazir Şehbaz Şərif və ordu komandanlığı raketin uğurlu buraxılışı münasibətilə tədbirdə iştirak edən qoşunları, alimləri və mühəndisləri təbrik edib.
Rəsmi heyət Pakistan Silahlı Qüvvələrinin hərbi hazırlığına və texniki səriştəsinə tam əminliklərini ifadə edərək istənilən hücuma qarşı çəkindirməni təmin etmək və milli təhlükəsizliyi qorumaq əzmlərini vurğulayıblar.
Qeyd edək ki, həyata keçirilən sınaq aprelin 22-də Hindistanın idarəsində olan Kəşmirin Pahalqam turizm bölgəsinə hücumdan sonra iki ölkə arasında yaranmış yüksək gərginlik fonunda baş verib. Hindistan sözügedən hücumun ölkə xarici ilə əlaqəli olduğunu iddia edərək Pakistanı günahlandırıb. Lakin rəsmi İslamabad iddiaları təkzib edib və üçüncü bir tərəfin nəzarəti altında qərəzsiz araşdırma aparılması təklifini irəli sürüb.