DÜNYA
2 dəqiqə oxuma
İsrailin dəstəklədiyi təşkilat Qəzzada yardım paylamağa başlayacaq
ABŞ və İsrailin dəstəklədiyi xüsusi bir qurumun rəhbəri, humanitar prinsiplərin pozulduğunu əsas gətirərək istefa verdiyini açıqlayıb
İsrailin dəstəklədiyi təşkilat Qəzzada yardım paylamağa başlayacaq
/ Reuters
26 may 2025 г.

ABŞ və İsrailin dəstəyi ilə yaradılan və Qəzzada humanitar yardımın çatdırılmasına cavabdeh olan xüsusi yardım təşkilatı mayın 26-dan etibarən mühasirə altındakı bölgəyə yardımları çatdırmağa başlayacağını bəyan edib.

Bu açıqlama son iki ay ərzində Qəzza Humanitar Yardım Fondunda icraçı direktor vəzifəsində işləyən Ceyk Vudun mayın 25-də istefa verməsindən sonra verilib. C.Vud insanlıq, qərəzsizlik və müstəqillik prinsiplərindən keçməyəcəyini bildirərək vəzifəsindən istefa verdiyini ifadə edib. O, bu ayın əvvəlində İsrail rəsmilərinə ünvanladığı məktubda, fond tərəfindən yardım alan şəxslərin şəxsi məlumatlarını paylaşmayacağını da qeyd etmişdi.

Fevral ayında yaradılan fond Birləşmiş Millətlər Təşkilatı tərəfindən sərt şəkildə tənqid olunub. BMT rəsmiləri fondun yardım paylama planlarının fələstinlilərin məcburi köçürülməsinə səbəb ola biləcəyini və zorakılığı daha da artıracağını bəyan ediblər.

Məcburi köçürülmə ilə bağlı qorxular

İsrailin bu təşəbbüsü, uzun müddətdir bölgədə fəaliyyət göstərən BMT və digər beynəlxalq humanitar təşkilatların yerinə xüsusi şirkətlərin cəlb olunduğu bir yanaşmaya əsaslanır. Plan çərçivəsində yardımlar İsrailin Qəzzanın cənubunda yerləşəcəyini elan etdiyi, sayca məhdud təhlükəsiz paylama nöqtələrinə çatdırılacaq. Bu isə İsrail ordusunun mühasirədə olan bölgənin şimalında yaşayan bütün fələstinliləri cənuba köçürmək istədiyinə dair xəbərləri gücləndirir.

Qlobal Aclıq İndeksi xəbərdarlıq edir ki, Qəzzada əhalinin dörddə birini, yəni təxminən yarım milyon insanı aclıq təhlükəsi gözləyir.

Qeyd edək ki, İsrail martın 2-dən etibarən Qəzzaya ərzaq, tibbi və digər humanitar yardım keçidlərini tamamilə bağlayıb. Bu vəziyyət, 2,4 milyon əhalisi olan Qəzzada onsuz da ağır olan humanitar böhranı daha da dərinləşdirib.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us