CNN-in bir neçə rəsmiyə istinadən verdiyi məlumata görə, ABŞ, İsrailin İranın nüvə obyektlərinə zərbə endirməyə hazırlaşdığına dair yeni kəşfiyyat məlumatları əldə edib.
Çərşənbə axşamı dərc olunan hesabatda qeyd olunur ki, İsrail rəhbərliyi hələ yekun qərar verməyib, lakin ələ keçirilən rabitə və müşahidə edilən qoşun hərəkətləri, potensial əməliyyata hazırlığın getdiyini göstərir.
"İsrailin İranın nüvə obyektinə hücum etmə ehtimalı son aylarda əhəmiyyətli dərəcədə artıb", - deyə mənbə CNN-ə bildirib.
Mənbə həmçinin vurğulayıb ki, Donald Trampın İranla bağladığı və uran ehtiyatlarını tamamilə aradan qaldırmayan razılaşma, İsrailin hərbi əməliyyatlar keçirmə ehtimalını artırır.
Hesabata əsasən, ABŞ həmçinin İsrailin müəyyən hərbi fəaliyyətlərini, o cümlədən hava sursatlarının hərəkətini və genişmiqyaslı hava təlimlərinin tamamlanmasını müşahidə edib.
Bununla belə, Tramp administrasiyasındakı mənbə bildirib ki, İran hərbi əməliyyatlara başlamazsa, Vaşinqton belə bir hücumu dəstəkləməkdən çəkinəcək.
ABŞ prezidenti Donald Tramp daha əvvəl İrana ABŞ-ın təkliflərinə tez cavab verməyəcəyi təqdirdə "pis bir şeylə" üzləşəcəyini bildirmişdi, lakin İran rəsmiləri hər hansı rəsmi təklifi qəbul etməyiblər.