ABŞ-ın Yəmənin Hudeyda əyalətindəki Ras İssa yanacaq limanına endirdiyi zərbələr nəticəsində, tibb işçiləri də daxil olmaqla azı 38 nəfər həlak olub. Bu barədə husi qruplaşmasına bağlı olan Əl-Məsirə telekanalı məlumat yayıb.
ABŞ ordusu cümə axşamı limana hücumun İranın dəstəklədiyi husilərin təchizat və maliyyə mənbəyini kəsmək məqsədini güddüyünü bildirib.
Vaşinqton Qırmızı dəniz və Ədən körfəzində mülki və hərbi gəmilərə hücumları dayandırmaq məqsədilə martın 15-dən etibarən husilərin mövqelərinə demək olar ki, hər gün hava zərbələri endirir.
Husilər isə hücumları Qəzzadakı fələstinlilərlə həmrəylik məqsədilə həyata keçirdiklərini bildiriblər.
İsrail ordusu cümə günü Yəməndən gələn raketin qarşısının alındığını iddia edib.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında deyilir: "Bu hücumların məqsədi husilərin iqtisadi güc bazasını sarsıtmaq idi. Husilər öz vətəndaşlarına böyük əzab verməkdə davam edirlər."
Husilərə tabe olan Səhiyyə Nazirliyinin sözçüsü Anees Alasbahi daha əvvəl verdiyi açıqlamada ilkin məlumatlara görə, ölənlərin sayının 20 olduğunu və həyatını itirənlər arasında 5 tibb işçisinin olduğunu bildirib.
ABŞ-ın vurduğu liman Yəmənin qərbində, Qırmızı dənizin sahilində yerləşir.
Əl-Məsirə telekanalı tərəfindən cümə günü səhər saatlarında yayımlanan və "ABŞ hücumunun ilk görüntüləri" kimi təqdim edilən kadrlarda gəmilərin ətrafında alov topunun yüksəlməsi və yanğından qalın tüstünün yayılması diqqət çəkib.
"Mülki müdafiə dəstələri və həkimlər, ölənlərin cəsədlərini çıxarmaq və yanğını söndürmək üçün əllərindən gələni edirlər", - Alasbahi bildirib.
Husilər 2023-cü ilin oktyabrında İsrailin Qəzzaya qarşı amansız hücumlara başlamasından sonra mütəmadi olaraq İsrailə raket və dron hücumları təşkil edirlər.
Husilərin hücumları Süveyş kanalı vasitəsilə həyata keçirilən daşımaların dayandırılmasına səbəb olub və bir çox şirkəti daha bahalı və uzun marşrutlardan istifadə etməyə məcbur edib.
ABŞ keçmiş prezident Co Bayden dövründə husilərə qarşı hücumlar həyata keçirməyə başladı. Hazırkı prezident Donald Tramp isə husilərin beynəlxalq gəmiçilik üçün təhlükə yaratmağı dayandırana qədər hərbi əməliyyatların davam edəcəyini vurğulayıb.