Qəzzadakı qırğınlara qarşı qlobal addım atmağa çağıran HƏMAS bəyan edib ki, İsrail aclıq müharibəsində və dinc əhaliyə, uşaqlara və qadınlara qarşı soyqırımda israr etməyə davam edir.
HƏMAS Qəzzada 600 günlük soyqırımı dayandırmaq məqsədilə İsrailə təzyiq etmək üçün 30 may - 1 iyun tarixləri arasında "qlobal fəaliyyətə" çağırıb.
Hücumların "bütün beynəlxalq normalara, qanunlara və ilahi dinlərin müddəalarına açıq-aşkar zidd olduğu, həmçinin Birləşmiş Millətlər Təşkilatının qərarlarına və hücumların dayandırılmasını tələb edən ölkələrin mövqelərinə həyasızcasına məhəl qoymadığı" bildirilən bəyanatda aşağıdakılar qeyd olunub:
“Biz bütün dünyada İslam dünyasını, azad insanları, vicdan sahiblərini və qurum və təşkilatları Qəzzada xalqımıza qarşı hücum, soyqırım və aclıq siyasətinə qarşı dünyanın şəhər və meydanlarında hər cür formada qlobal etirazı davam etdirməyə və artırmağa çağırırıq”.
Bəyanatda 30, 31 may və 1 iyun tarixlərinin “qlobal qəzəb günləri” olması çağırışı edilib. Dünyanın müxtəlif yerlərində şəhər və meydanlarda nümayişlər, yürüşlər və kütləvi aksiyalar keçirilməsinə çağrılıb və bu günlərdə "səs ucaldaraq", Qəzza xalqının məruz qaldığı cinayətləri, soyqırım və aclığı rədd edərək, Qəzza zolağı, Əqsa məscidinə dəstək ilə fələstinlilərlə həmrəylik nümayiş etdirilməsinin vacibliyi vurğulanıb.
Xatırladaq ki, yanvarın 19-da Qəzza zolağında qüvvəyə minən atəşkəsdən sonra İsrail ordusu martın 18-i səhər şiddətli hücumlarını bərpa edib.
İsrail ordusu yenidən hücumlara başladıqdan sonra əksəriyyəti qoca, qadın və uşaq olmaqla 3901 fələstinli həyatını itirib, 11088 nəfər isə yaralanıb.
İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzzaya təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 54 min 56, yaralıların sayı isə 123 min 129-a yüksəlib.