Avstraliya hökuməti ağdərililərin üstün olduğunu təbliğ edən “Terrorgram” şəbəkəsini terror təşkilatları siyahısına daxil edib.
Daxili İşlər Naziri Toni Burk bu qərarı şərh edərək bildirib ki, bu cür nifrət nitqinin Avstraliyada yeri yoxdur.
“Bu qrup bəzi avstraliyalılara öz evlərində belə ‘arzuolunmaz şəxs’ olduqlarını hiss etdirən ideologiyanı təbliğ edir və yayır. Bu cür nifrət nitqinin Avstraliyada yeri yoxdur’’, – deyə Toni Burk rəsmi “X” (keçmiş Twitter) səhifəsində paylaşım edib.
SBS News-un məlumatına görə, “Terrorgram” şəbəkəsinin terror təşkilatı kimi tanınması o deməkdir ki, bu şəbəkəyə üzv və ya əlaqəsi olan hər kəs 25 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Nazir əlavə edib ki, bu qərar hökumətə ekstremistlərin ölkədəki fəaliyyətini məhdudlaşdırmaq və avstraliyalıların təhlükəsizliyini qorumaq üçün əlavə hüquqi səlahiyyətlər verir.
Bu ilin əvvəlində Avstraliya hökuməti “Terrorgram” şəbəkəsinə qarşı maliyyə sanksiyaları tətbiq etmişdi.
Məlumata əsasən, “Terrorgram” əsasən Telegram mesajlaşma platforması vasitəsilə fəaliyyət göstərən, neofaşist, irqçi və zorakı ideologiyaları təbliğ edən onlayn bir şəbəkədir.
Böyük Britaniya da 2024-cü ilin aprel ayında “Terrorgram”ı qadağan edilmiş terror təşkilatları siyahısına daxil edib.
Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, bu qrupun məqsədi Qərb dünyasını zorakı terror aktları ilə zəiflətmək və “irq müharibəsi” yaratmaqdır.
Şəbəkə ilə əlaqələndirilən iki hücum hadisəsi də qeydə alınıb: biri 2023-cü ilin avqustunda Türkiyədə 18 yaşlı bir şəxsin məscid qarşısında beş nəfəri bıçaqladığı və hadisəni canlı yayımladığı hücum, digəri isə 2022-ci ilin oktyabrında Slovakiyanın paytaxtı Bratislavada baş vermiş və iki nəfərin ölümü ilə nəticələnmiş silahlı hücumdur.