Pakistanın şimal-qərbində Əfqanıstanla sərhəd yaxınlığında yerləşən Hayber-Paxtunxva əyalətində baş verən terrorçu-kamikadze hücumu nəticəsində tәxminәn16 əsgər həyatını itirib, aralarında mülki şəxslərin də olduğu 24 nəfər isə yaralanıb. Bu, son aylarda təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirilmiş ən qanlı hücumlardan biri kimi qeydə alınıb.
Yerli mediada yayılan məlumatlara görə, partlayış iyunun 28-dә Mir-Ali şəhərində yerləşən hərbi konvoya qarşı törədilib. “Khyber Chronicles” xəbər portalı təhlükəsizlik mənbələrinə istinadən bildirib ki, terrorçu-kamikadze 22-ci Sərhəd Qoşunları Alayına məxsus bomba zərərsizləşdirmə maşınının yaxınlığında partlayıcı maddələri işə salıb.
Şimali Vəziristan bölgəsindəki yerli hökumət rəsmisi mәsәlә ilә bağlı deyib ki, terrorçu-kamikadze partlayıcı maddələrlə dolu avtomobili hərbi konvoya çırpıb.
Əvvəlcə 13 nəfərin öldüyü deyilsə də, sonrakı məlumatlarda bu sayının 16-ya yüksəldiyi bildirilib. “Аgence France-Presse” agentliyinə danışan bir polis əməkdaşı isə qeyd edib ki, partlayış nəticəsində iki evin damı uçub və altı uşaq yaralanıb.
Hücumun məsuliyyətini “Təhriki-Taliban Pakistan” (TTP) adlı terror təşkilatının bir qolu öz üzərinə götürüb.
Pakistan Ordusu hadisə ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb.
Qeyd edәk ki, son aylarda Vəziristan, Hayber və Kurram bölgələrində təhlükəsizlik qüvvələrinə qarşı hücumların artmasından sonra Pakistan ordusu bölgədə kəşfiyyata əsaslanan əməliyyatlarını intensivləşdirib.
İslamabad rəhbərliyi ölkədə törədilən terror aktlarının arxasında Əfqanıstan ərazisində yerləşdiyi iddia olunan TTP militantlarının dayandığını bildirir. Əfqanıstanın hakim “Taliban” hökuməti isə bu iddiaları qəti şəkildə rədd edir.