Xərçəng xəstəliyindən çəkən və 89 yaşında vəfat edən Xose Muxikanın (José Alberto Mujica Cordano) cənazəsi ölümündən sonra iki gün boyu xalqın ziyarətinə açıq saxlanıldı və təxminən 100.000 adam təvazökarlığı ilə tanınan bu mərhum prezidentə ehtiramını bildirmək üçün axın etdi.
Bəzi yas iştirakçıları əllərində çiçəklər, bəziləri isə çiyinlərində onun mənsub olduğu partiyanın bayrağını aparırdılar.
Muxika paytaxt Montevideonun bir kəndində, fermasında, özü kimi keçmiş partizan döyüşçü olan 80 yaşlı həyat yoldaşı Lusiya Topolanskinin yanında dünyasını dəyişib.
2024-cü ildə ona qida borusu xərçəngi diaqnozu qoyulmuş və xəstəlik daha sonra qaraciyərinə yayılmışdı.
2000-ci illərin əvvəlində Latın Amerikasında meydana çıxan və “Çəhrayı dalğa” adlandırılan solçu liderlər nəsilindən biri olan Lula onu “Dünyanı dəyişməyə çalışan qeyri-adi insan” adlandırıb.
Muxikanın siyasi varisi - Uruqvay prezidenti Yamandu Orsi və Çili prezidenti Qabriel Borik də vida mərasimində iştirak ediblər. Mərasim "Don Xose" adlı azadlıq marşının birlikdə oxunması ilə sona çatıb.
Xatirə mərasimindən sonra insanlar Xose Muxikanın cənazəsinin saraydan çıxarılıb kremasiyaya aparılmasını izləmək üçün küçələrə axışıb.
Mərhum prezidentin külləri onun yaşadığı fermada saxlanılacaq.
Aza qane olmağı öyrətdi
2010–2015-ci illərdəki prezidentliyi dövründə maaşının böyük hissəsini xeyriyyə təşkilatlarına bağışlaması, maviyə boyanmış “Volkswagen Beetle” avtomobili, həyat yoldaşı və üçayaqlı iti ilə sadə bir həyat sürməyə davam etməsi ona “Dünyanın ən kasıb prezidenti” adını qazandırmışdı. Fəal, açıq sözlü və fermer olan Xose Muxika çox insana həyat ilhamı verib.