Səudiyyə Ərəbistanı və İndoneziya arasında təxminən 27 milyard dollar dəyərində əməkdaşlığa dair müqavilələr və anlaşma memorandumları imzalanıb. Müqavilələr İndoneziya prezidenti Prabovo Subiantonun Krallığa rəsmi səfəri çərçivəsində bağlanıb.
Hər iki ölkənin özəl sektor nümayəndələri tərəfindən imzalanan razılaşmalar təmiz enerji, neft-kimya sənayesi və aviasiya yanacağı xidmətləri kimi müxtəlif sahələri əhatə edir.
Regional məsələlərdə əməkdaşlıq
Səudiyyə Ərəbistanı və İndoneziya rəsmiləri yaydıqları birgə bəyanatda Fələstin məsələsinə dəstək verdiklərini və Qəzzada davam edən humanitar böhranla bağlı dərin narahatlıq keçirdiklərini bildiriblər. Hər iki ölkə İsrailin mülki əhalini aclıqla üz-üzə qoymasını qınayıb və 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan iki dövlətli həll prinsipini dəstəklədiklərini vurğulayıb.
Bəyanatda qeyd olunub ki, beynəlxalq atəşkəs çağırışlarına baxmayaraq İsrail 2023-cü ilin oktyabrından bəri Qəzzada hərbi əməliyyatlarını davam etdirir. Hücumlar nəticəsində əksəriyyəti qadın və uşaqlar olmaqla 57 mindən çox fələstinli həyatını itirib.
Bəyanatda Suriya məsələsinə də toxunularaq bu ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyi vurğulanıb. Hər iki ölkə xarici müdaxilələrə qarşı çıxdıqlarını bildirib və İsrailin Suriya ərazisinə hücumlarını pisləyib.
Bəyanatda həmçinin Qərbin Suriyaya tətbiq etdiyi sanksiyaların ləğvi alqışlanıb və bu addımın ölkənin yenidən qurulması və qaçqınların geri qayıtması baxımından əhəmiyyət daşıdığı qeyd olunub.