Malayziyanın paytaxtı Kuala-Lumpurda Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) 46-cı sammiti öz işinə başlayıb. "Malay Mail" nəşrinin yaydığı məlumata görə, sammitdə liderlər regional birliyin gücləndirilməsi istiqamətində səyləri, strateji prioritetləri və qarşıda duran çağırışları müzakirə edəcəklər.
Tədbirin açılışında çıxış edən Malayziyanın baş naziri Ənvər İbrahim bildirib ki, ABŞ prezidenti Donald Trampa məktub ünvanlayaraq bu il ASEAN-ABŞ sammitinin keçirilməsini və tarif məsələlərinin həllini tələb edib.
“Geosiyasi nizamda ciddi dəyişikliklər müşahidə olunur və qlobal ticarət sistemi ABŞ-ın birtərəfli tarif qərarları səbəbindən daha da gərginləşir”, – deyə Ənvər İbrahim vurğulayıb.
Məlumata görə, ASEAN-a üzv ölkələr ABŞ-ın tətbiq etdiyi 10%-dən 49%-ə qədər dəyişən tariflərdən təsirlənib. Bununla belə, prezident Donald Tramp ötən ay tariflərə 90 günlük fasilə elan etdikdən sonra ASEAN ölkələri Vaşinqtonla danışıqlara başlayıb.
Ənvər İbrahim həmçinin qeyd edib ki, ASEAN regional birlik olaraq böyük dövlətlərin özbaşına attığı addımlar nəticəsində yaranan geosiyasi gərginliklərə qarşı durmaq gücünə malikdir.
Kuala Lumpur Bəyannaməsi
Malayziyanın baş naziri Ənvər İbrahim bildirib ki, Cənub-Şərqi Asiya regionu hər zaman qanunun aliliyi və açıq ticarət prinsipləri əsasında inkişaf edib. Lakin hazırda bölgənin rifahı ciddi təhdid altındadır.
“ASEAN üçün sülh, sabitlik və rifah çox vaxt azad ticarət, sərbəst kapital və insan axınına əsaslanan açıq, əhatəli və qaydalara söykənən beynəlxalq nizamdan asılı olub,” – deyə Ənvər İbrahim vurğulayıb. Onun sözlərinə görə, bu təməllər hazırda bəzi ölkələrin özbaşına atdığı addımlar səbəbindən zərər görsə də, o, ittifaqın “davamlı və möhkəm” olduğuna inandığını bildirib.
Baş nazir həmçinin ASEAN-ın dost ölkələrlə əməkdaşlığını gücləndirməsinin vacibliyini qeyd edib. O, Çinin regionun ən böyük iqtisadi tərəfdaşı olduğunu vurğulayaraq, ASEAN ilə Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) arasında keçirilən ilk üçtərəfli – ASEAN-Çin-KƏŞ sammitinin əhəmiyyətinə diqqət çəkib.
Sammit çərçivəsində “ASEAN 2045: Ortaq gələcəyimiz” adlı Kuala Lumpur Bəyannaməsinin imzalanması nəzərdə tutulur.
Qeyd edək ki, ASEAN təşkilatına İndoneziya, Vyetnam, Laos, Bruney, Tayland, Myanma, Filippin, Kamboca, Sinqapur və Malayziya olmaqla 10 ölkə üzvdür.