Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bölgədə artan gərginliyin regional təhlükəsizlik üçün ciddi təhdid yaratdığını bildirərək İranla yaşanan nüvə mübahisəsinin diplomatik yollarla həll olunmalısının vacibliyini vurğulayıb.
R.T.Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla telefon danışığı aparıb.
İyunun 17-də yayımlanan rəsmi açıqlamaya görə, liderlər arasında baş tutan söhbət zamanı İsrail-İran münaqişəsi, ikitərəfli münasibətlər və digər regional məsələlər müzakirə olunub.
Prezident R.T.Ərdoğan telefon danışığı zamanı bildirib ki, İsrailin İrana qarşı hücumları ilə alovlanan zorakılıq dalğası bütün bölgənin təhlükəsizliyini təhlükəyə salır və region yeni bir müharibəyə dözə bilməz.
Ölkə başçısı həmçinin qeyd edib ki, münaqişələrin diplomatik yollarla sona çatdırılması üçün intensiv səylər göstərilir və İranla nüvə məsələsində həll yolunun təkcə danışıqlar masasında mümkün olduğunu xüsusilə vurğulayıb.
Türkiyə prezidenti R.T. Ərdoğan vurğulayıb ki, mövcud vəziyyət Qəzzada davam edən ağır humanitar böhranı kölgədə qoymamalıdır, əks halda İsrail İordan çayının qərb sahili və Şərqi Qüdsü də işğal edə bilər.