BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) səhiyyə rəsmisi 11 həftədən çoxdur davam edən İsrail mühasirəsi nəticəsində Qəzzada ərzaq çatışmazlığı probleminin yaşandığını bildirib.
Cenevrədə keçirilən mətbuat konfransında çıxış edən UNRWA-nın səhiyyə məsələləri üzrə direktoru Akihiro Seita deyib: “Əlimdə aprel ayının sonuna qədər olan hesabatlar var və bu məlumatlar bölgədə ciddi ərzaq çatışmazlığı probleminin yaşandığını göstərir. Ən böyük narahatlığımız odur ki, mövcud ərzaq çatışmazlığı davam edərsə, vəziyyət daha da pisləşəcək və nəzarətdən çıxacaq.”
Qeyd edək ki, İsrail martın 2-dən etibarən Qəzzanı tam mühasirəyə alıb. İnsan hüquqları təşkilatları və beynəlxalq hesabatlara əsasən, İsrail Qəzzaya ərzaq, tibbi və humanitar yardımın daxil olmasına mane olaraq bölgədəki humanitar böhranı daha da dərinləşdirib.
İsrail təkcə mayın 19-u günü “Karem Əbu Karem” (Kerem Şalom) sərhəd keçid məntəqəsi vasitəsilə doqquz yardım yük maşınının Qəzzaya daxil olmasına icazə verib. Lakin yardım əməkdaşları yalnız beş yük maşınının faktiki olaraq daxil olduğunu bildiriblər.
Ümumdünya Səhiyyə Təşkilatı isə bu yardım miqdarını “son dərəcə az” adlandıraraq tənqid edib. BMT-nin humanitar yardım üzrə rəsmisi Tom Fleçer deyib: “Bu miqdar ehtiyac duyulan yardımla müqayisədə okeandakı bir damla qədər belə deyil. Sabah səhərdən etibarən Qəzzaya daha çox yardımın daxil olmasına icazə verilməlidir”.
Fələstinlilərin 93%-dən çoxu kəskin ərzaq çatışmazlığı ilə üzləşir
Qlobal aclıq monitorinqi təşkilatı açıqlayıb ki, Qəzza zolağındakı bütün əhali ərzaq qıtlığı riski altındadır və yarım milyona yaxın insan aclıq həddində yaşayır. Bu vəziyyət oktyabr ayında yayımlanan son hesabatla müqayisədə kəskin pisləşməni göstərir.
İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) tərəfindən yayımlanan son təhlildə 1 aprel – 10 may tarixləri arası dövr araşdırılıb və bu vəziyyətin sentyabrın sonuna qədər davam edəcəyi proqnozlaşdırılıb.
IPC-nin təhlilinə əsasən, İsrailin mühasirəsi altında olan Fələstin bölgəsində 1,95 milyon insan, yəni əhalinin 93%-i kəskin ərzaq təhlükəsizliyi problemi yaşayır. Onlardan 244 min nəfəri isə “fəlakət” səviyyəsindədir.
Xatırladaq ki, IPC-nin oktyabr ayındakı hesabatında 133 min nəfərin “fəlakət” kateqoriyasında olduğu bildirilmişdi. İndiki təhlil isə göstərir ki, sentyabrın sonuna qədər 470 min nəfər, yəni əhalinin 22%-i “fəlakət” səviyyəsində, bir milyondan çox insan isə “təcili müdaxilə” mərhələsində olacaq. Hesabatda deyilir: "İnsanların xilas edilməsi, daha çox açlığın, ölümün və qıtlığın qarşısının alınması üçün təcili tədbirlər görülməlidir."
Qeyd edək ki, İsrail ordusu həmin tarixdən bu yana viran edilmiş Fələstin bölgəsinə hücumlarını davam etdirir. Mayın 18-də İsrail “Gideonun maşınları” əməliyyatı adı altında Qəzzanın şimal və cənubunda genişmiqyaslı quru hücumuna başlayıb. İsrailin hücumlarında qadınlar və uşaqlar da daxil olmaqla çox sayda dinc sakin həyatını itirib.
İsrailin fələstinliləri məcburi şəkildə yurdlarından çıxarması da artmaqda davam edir. Birləşmiş Millətlər Təşkilatı və insan haqları təşkilatları dəfələrlə “Qəzzada təhlükəsiz yer yoxdur” xəbərdarlığını təkrar edirlər.