Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın paytaxtı Dəməşqdəki “Mar Elias” kilsəsində törədilən terror aktını qətiyyətlə pisləyib.
Ərdoğan rəsmi "X" internet səhifəsində etdiyi paylaşımda bu xain hücumu qınayaraq, həyatını itirənlərin ailələrinə, Suriya hökumətinə və Suriya xalqına başsağlığı verib, yaralılara şəfa diləyib.
Prezident həmçinin bildirib ki, bu hücum Suriyada və daha geniş regionda sülhü və təhlükəsizliyi pozmaq məqsədi daşıyır.
"Suriyanın təhlükəsizliyini, daxili sülh və birgəyaşayış mədəniyyətini, eləcə də regionumuzun sabitliyini hədəf alan bu çirkin terror aktına qarşı Suriya xalqı və hökumətinin yanındayıq. İllərdir davam edən zülm və qarşıdurmalardan sonra ilk dəfə gələcəyinə ümidlə baxan qonşumuz və qardaşımız Suriyanın terror təşkilatları tərəfindən yenidən qeyri-sabitlik mühitinə sürüklənməsinə heç vaxt icazə verməyəcəyik. Suriya hökumətinin terrorla mübarizəsinə dəstəyi davam etdirəcəyik", – deyə R.T.Ərdoğan vurğulayıb.
Suriya Səhiyyə Nazirliyi DEAŞ terror təşkilatının bazar günü Dəməşqin şərqindəki kilsəyə təşkil etdiyi hücum nəticəsində azı 20 nəfərin həyatını itirdiyini, 52 nəfərin isə yaralandığını açıqlayıb.
Qeyd edək ki, hücum Suriya Daxili İşlər Nazirliyinin mayın 26-da Dəməşq çölündə DEAŞ-a məxsus terror hücrələrinin aşkar edildiyini açıqlamasından bir neçə həftə sonra törədilib. Təhlükəsizlik qüvvələri həmin əməliyyat zamanı yüngül və orta çaplı silahların ələ keçirildiyini açıqlayıb.
Əsəd rejiminin devrilməsindən sonra Suriya təhlükəsizlik qüvvələri cinayətlər, insan hüquqlarının pozulması və terror fəaliyyətlərində iştirak edən şəxsləri təqib etməyə davam edir.
Təxminən 25 ildir ölkəyə rəhbərlik edən Bəşər Əsədin dekabr ayında Rusiyaya qaçdığı və bununla da 1963-cü ildən davam edən "Baas" rejiminin sona çatdığı bildirilir.
Rejim əleyhdarı qüvvələrin lideri Əhməd əl-Şaraa isə yanvar ayında keçid dövrünün prezident elan olunub.