Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın əvvəlində deyib ki, Ankara müharibədən əziyyət çəkən Afrika ölkəsinə “sülh və sabitlik” gətirməyə kömək edə bilər.
Sudan ordusunun lideri öz qüvvələri ilə paramilitar rəqibləri arasında 20 aydır davam edən şiddətli münaqişəni həll etmək üçün Türkiyənin təqdim etdiyi təklifini alqışladı.
Port Sudanda keçirilən görüşdə Əbdülfəttah əl Burhan Türkiyə xarici işlər nazirinin müavini Burhanəddin Durandan prezident Ərdoğana "Sudan rəhbərliyinin bu təşəbbüsü alqışladığını" çatdırmasını istəyib. Bu məlumatı görüşdən sonra Sudanın xarici işlər naziri Əli Yusif keçirdiyi brifinqdə bildirib.
"Sudanın Türkiyə kimi qardaş və dostlara ehtiyacı var" deyən Yusif "bu təşəbbüs Sudanda sülhə səbəb ola bilər" deyib.
B.Duran öz növbəsində sülh prosesinin "birgə səylər tələb etdiyini" və Türkiyənin "bu münaqişəyə son qoymaq üçün digər regional aktorları səfərbər etmək rolunu öz üzərinə götürməyə hazır olduğunu" söyləyib.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiyənin "Sudandakı mövcud böhranı həll etmək üçün diplomatik səylərini" alqışladığını bildirib.
BƏƏ Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "BƏƏ Sudandakı münaqişəyə son qoymaq və böhranın hərtərəfli həllini tapmaq üçün Türkiyənin səyləri və bütün diplomatik təşəbbüsləri ilə əməkdaşlığa və koordinasiyaya tam hazırdır".
Qeyd edək ki, dekabrın əvvəlində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sudanlı Burhan ilə telefon danışığında Türkiyənin "Sudan və Birləşmiş Ərəb Əmirlikləri arasındakı mübahisələri həll etmək" və Sudanın "xarici müdaxilə sahəsinə çevrilməsinin" qarşısını almaq üçün addım ata biləcəyini söylədi.
Artan gərginlik
Sudanın ordu tərəfindən dəstəklənən hökuməti dəfələrlə BƏƏ-ni paramilitar Çevik Dəstək Qüvvələrinə (RSF) dəstək verməkdə ittiham edib. Lakin BƏƏ bu iddiaları davamlı olaraq təkzib edir.
Sudan hökuməti RSF-nin BƏƏ-nin qonşu Çaddan yığdığı dronlardan istifadə edərək hücumlar təşkil etdiyini iddia etdi.
Sudandakı müharibə Burhanı keçmiş müavini və RSF lideri Mohamed Hamdan Dagalo ilə qarşı-qarşıya gətirdi. Bu müharibə on minlərlə insanın ölümü, 12 milyon insanın didərgin düşməsi ilə nəticələndi.
Bu, həm də ölkəni aclıq həddinə çatdırdı və analitiklər xəbərdarlıq edirlər ki, digər ölkələrin müdaxiləsi yalnız iztirabları uzadacaq.