ABŞ ordusunun yüksək vəzifəli zabiti polkovnik-leytenant Natan Makkormak sosial media hesabında İsrail və ABŞ siyasətlərini dəfələrlə tənqid etdikdən sonra ordudan kənarlaşdırılıb.
N.Makkormak Birləşmiş Qərargah Rəisləri Komitəsinin (Joint Chiefs of Staff) J5 Planlaşdırma İdarəsinin Levant və Misir üzrə bölmə rəhbəri vəzifəsində çalışırdı. Onun paylaşımları ictimaiyyətə yayıldıqdan sonra vəzifəsindən azad edilib. Məsələ ilə bağlı xəbər birinci olaraq “Jewish News Syndicate” portalı tərəfindən yayımlanıb.
“Middle East Eye”in məlumatına görə, palkovnik N.Makkormak paylaşmalarında Vaşinqton rəhbərliyinin İsrailin “pis davranışlarını” dəstəklədiyini qeyd edərək deyib: “Qərb dövlətləri əsasən Holokost günahı səbəbilə İsrailə qarşı tənqiddən çəkinmək üçün böyük səy göstərirlər. İsrailin onilliklərdir davam edən fəaliyyəti etnik təmizləmə və soyqırım ittihamlarına yol açıb.”
O, arxivləşdirilmiş paylaşımlarında İsrail Baş naziri Benyamin Netanyahunu da sərt şəkildə tənqid edib. Natan Makkormak B.Netanyahu və onun tərəfdarlarını “yəhudipərəst” adlandıraraq, onların məqsədinin fələstinliləri torpaqlarından çıxarmaq və “Eretz İsrail”i (İsrail torpaqları) fələstinlilərdən təmizləmək olduğunu qeyd edib.
Zabit N.Makkormak başqa bir paylaşımında isə İsrail haqqında “ən pis müttəfiqimiz” yazıb.
Pentaqon nümayəndəsi mediaya verdiyi açıqlamada qurumun vəziyyətdən xəbərdar olduğunu və məsələ ilə bağlı araşdırmaya başlandığını bildirərək deyib: “Şəxslərin sosial şəbəkələrdəki paylaşımları Birləşmiş Qərargah Rəisləri Komitəsinin və ya Müdafiə Nazirliyinin rəsmi mövqeyini əks etdirmir.”
Qeyd edək ki, hadisə sosial mediada geniş reaksiyaya səbəb olub. Bir çox istifadəçi ABŞ Konstitusiyasının ifadə azadlığını təmin etdiyini xatırladaraq, İsrailə yönələn tənqidlərin bu azadlıqdan istisna kimi qəbul edildiyini irəli sürüb.
Şərhçilər bildirirlər ki, ABŞ prezidentini tənqid etmək çox vaxt heç bir nəticə vermir, lakin İsraillə bağlı oxşar fikirlər ciddi nəticələrə səbəb ola bilər. Bəzi təhlilçilər isə bu vəziyyəti Vaşinqtondakı israilyönlü lobbi şəbəkələrinin təsirinin göstəricisi kimi qiymətləndirirlər.