SİYASƏT
5 dəqiqə oxuma
İranın nüvə müqaviləsindən çıxmaqla bağlı təhdidi bölgə və dünya üçün nə mənaya gəlir?
İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmaq təhdidinin regional güc balansına və beynəlxalq nüvə siyasətinə potensial təsirləri
İranın nüvə müqaviləsindən çıxmaqla bağlı təhdidi bölgə və dünya üçün nə mənaya gəlir?
/ Reuters
7 saat əvvəl

İranın Xarici İşlər Nazirliyi bildirib ki, İran parlamenti İsrailin əsassız hücumundan sonra ölkənin Nüvə Silahlarının Yayılmasını haqqında Müqavilədən çıxmasına dair yol xəritəsini müəyyənləşdirəcək qanun layihəsi hazırlayıb.

İyunun 16-da (bu gün) verilən açıqlamada Nazirlik İranın müqavilədən çıxması üçün parlamentin qanun layihəsi üzərində işlədiyini təsdiqləyib. Bu addım İsrailin İrana qarşı əsassız hücumundan sonra gərginliyin davam etdiyi bir dövrdə atıldığı üçün qlobal miqyasda ciddi nəticələrə yol sәbәb olub.

 

Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə nədir?

1970-ci ildə qüvvəyə minmiş nüvə haqqında müqavilə qlobal silah nəzarəti sisteminin əsas sütunlarından biridir. Müqavilə üç əsas prinsipə əsaslanır: nüvə silahlarının yayılmasının qarşısının alınması, silahsızlanmanın təşviqi və nüvə enerjisindən sülh məqsədilə istifadə olunmasına nəzarət.

İran 1968-ci ildə müqaviləni imzalayıb və 1970-ci ildə ratifikasiya edib. Nüvə silahına malik olmayan bir ölkə kimi İranın belə silahlar hazırlaması və ya əldə etməsi hüquqi baxımdan qadağandır. Eyni zamanda, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altında sülh məqsədli nüvə texnologiyasına çıxış haqqına sahibdir.

 

Müqavilədən çıxmaq nə deməkdir?

Müqavilədən çıxmaq İranın AEBA-nın nəzarəti və şəffaflıq tədbirləri də daxil olmaqla Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin bütün öhdəliklərini daha qəbul etmədiyini göstərir.

Texniki baxımdan bu, İrana nüvə silahları proqramını sərbəst şəkildə inkişaf etdirmək imkanı yaratsa da, belə bir addım BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması kimi qiymətləndiriləcək və beynəlxalq aləmdə kəskin reaksiyalara səbəb ola bilər.

Nəticədə İranın nüvə obyektləri artıq AEBA-nın təhlükəsizlik sazişlərinə tabe olmayacaq. Bu, şəffaflığın azalmasına, İranın nüvə fəaliyyəti ilə bağlı beynəlxalq görünürlüyün zəifləməsinə və ölkənin silahlanmaya yönələcəyi narahatlıqlarının artmasına səbəb ola bilər.

 

İranın mövcud mövqeyi

Tehranda keçirilən mətbuat konfransında İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmaq ehtimalı ilə bağlı suala cavab olaraq, Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib: “Son hadisələr fonunda münasib qərar qəbul edəcəyik. Hökumət parlamentin qanun layihələrini icra etməlidir, lakin bu təklif hələ hazırlıq mərhələsindədir və sonrakı mərhələlərdə parlamentlə koordinasiyalı şəkildə hərəkət edəcəyik.”

Keçən həftə İsrail, İranın nüvə bombası istehsalına yaxın olduğunu iddia edərək, İrana hava zərbələri endirdi. İran isə nüvə proqramının tamamilə sülh məqsədli olduğunu dəfələrlə bəyan edib. Ancaq AEBA ötən həftə bildirib ki, rəsmi Tehran son iyirmi ildə ilk dəfə olaraq yayılmanın qarşısının alınması öhdəliklərini pozub.

İran prezidenti Məsud Pəzeşkian iyunun 16-da (bu gün) verdiyi açıqlamada bildirib ki, nüvə silahları ölkənin ali dini lideri Əli Xameneinin fətvasına ziddir.

İ.Bəqayi İsrailin hücumunun ölkənin strateji qərarlarını təbii olaraq təsirləndirdiyini bildirib və bu hücumun AEBA-nın qərarından sonra gerçəkləşdiyi üçün məsuliyyətin agentliyin üzərində olduğunu qeyd edib.

O əlavə edib ki, bu qərarı dəstəkləyənlər hücum üçün zəmin hazırlayıblar.

 

İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə

İranlı rəsmilər ilk dəfə deyil ki, bu nüva haqqında müqavilədən çıxmaq ehtimalını gündəmə gətirirlər. Adətən diplomatik münasibətlərin pisləşdiyi dövrlərdə bu cür təhdidlər səsləndirilir. İran müqaviləyə tərəf qalmasına baxmayaraq, xüsusilə Qərblə münasibətlərin gərginləşdiyi zamanlarda bu müqavilədən çıxmaqla hədələyir.

2018-ci ilin mayında ABŞ prezidenti Donald Trampın ölkəsini “Birgə hərtərəfli fəaliyyət planı”ndan çıxarması bu baxımdan dönüş nöqtəsi oldu.

İran parlamentində və hərbi dairələrdə sərt mövqe tutan qüvvələr “Birgə hərtərəfli fəaliyyət planı”nın tamamilə çökməsinin İranı nüvə haqqında müqavilənin öhdəliklərini yenidən nəzərdən keçirməyə vadar edə biləcəyini qeyd ediblər. Ali dini lider Ə.Xamenei İranın nüvə proqramının dinc xarakter daşıdığını bildirsə də, təhdid və ya zorakılıqla üzləşəcəyi təqdirdə misli görünməmiş addımlar ata biləcəyi barədə xəbərdarlıq edib.

2019–2020-ci illərdə İran texniki olaraq nüvə müqaviləsinin öhdəliklərinә sadiq qalaraq uranın zənginləşdirilməsi səviyyəsini və ehtiyatlarını artırmaq da daxil olmaqla “Birgə hərtərəfli fəaliyyət planı”nın bəzi məhdudiyyətlərini yumşaltmağa başladı.

Bu arada, İran parlamentində artan sanksiyalar və regional gərginlik fonunda Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxışı təşviq edən qanun layihələri də müzakirəyə çıxarıldı.

Məsələn, 2020-ci ilin əvvəlində ABŞ-ın təzyiqlərinin artması və nüfuzlu nüvə alimlərinin sui-qəsd nəticəsində öldürülməsi fonunda bəzi millət vəkilləri müqavilədən çıxmaq və məhdudiyyətsiz nüvə fəaliyyətlərinə yenidən başlamaq üçün qanun layihələri təqdim etsələr də, həmin dövrdə belə bir qanun qəbul edilmədi.

Bu təhdidlər əsasən Qərbə təzyiq vasitəsi kimi, daxili qərarlılığı göstərmək və milli həmrəylik yaratmaq məqsədilə istifadə olunurdu. Lakin müqavilədən tam çıxmaq diplomatik təcrid və hərbi qarşıdurmanın dərinləşməsi kimi ciddi risklər daşıyır.

 

Regional və qlobal nəticələr

İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxması Yaxın Şərqdəki gərginliyi daha da artıraraq mümkün nüvə silahlanması yarışını alovlandıra bilər.

İsrailin nüvə silahına sahib olduğu geniş şəkildə qəbul edilir və İranın bu istiqamətdəki məqsədlərini dayandırmaq bəhanəsi ilə daha sərt və preventiv addımlar ata bilər.

Bununla yanaşı, Səudiyyə Ərəbistanı da İranın nüvə silahları istiqamətində irəliləməsi halında, öz nüvə proqramını inkişaf etdirə biləcəyini açıq şəkildə ifadə etmişdi.

Beynəlxalq müstəvidə isə ABŞ-ın sanksiyaları daha da sərtləşdirəcəyi və hərbi çəkindirmə səylərini artıracağı gözlənilir. Avropa İttifaqı son bir diplomatik təşəbbüs göstərməyə çalışa bilər, lakin əgər İran nüvə müqaviləsinin öhdəliklərini tamamilə ləğv edərsə, Aİ də daha sərt mövqe tuta bilər. Rusiya və Çin isə adətən təmkinli olmağa dәvәt etsәlәr dә,  regiondakı strateji maraqlarını qorumağa çalışacaq və tənqidləri diplomatik dialoq çağırışları ilə balanslaşdırmağa cəhd göstərəcəklər.

 

Bir ölkə Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən necə çıxır?

Müqavilənin “X” maddəsinə əsasən bir dövlət “əsas milli maraqlarını təhlükəyə atan fövqəladə hallar” səbəbilə müqavilədən çıxa bilər. Bu barədə BMT Təhlükəsizlik Şurasına və bütün digər tərəflərə üç ay əvvəl yazılı şəkildə bildiriş verilməlidir.

İran bu müddəaya əsaslanaraq İsrailin son hücumlarını, Qərbin ikili standartlarını, sanksiyaları və ya regional təhdidləri əsas gətirə bilər.

İndiyədək nüvə müqaviləsindən rəsmi şəkildə çıxmış yeganə ölkə Şimali Koreyadır. 2003-cü ildə bu addımı atan Şimali Koreya sonradan bir sıra nüvə sınaqları keçirib və faktiki olaraq nüvə silahına malik dövlət kimi tanınıb.

Bu nümunə müqavilədən çıxmağın daha dərin təcridə, uzunmüddətli nüvə böhranına və regionda gərginliyin davamlı olmasına gətirib çıxardığını göstərən xəbərdarlıq olaraq qeyd olunur.

 Yayılmanın qarşısının alınmasında dönüş nöqtəsi?

İranın nüvə müqaviləsindən mümkün çıxışı beynəlxalq hüquqi və normativ sistemin ağır şəkildə pozulması kimi qiymətləndiriləcək və ‘‘Birgә hәrtәrәfli fәaliyyәt planı’’nın qalan diplomatik çərçivəsini məhv edə bilər. Bu, region ölkələri üçün daha qeyri-sabit bir təhlükəsizlik mühitinin formalaşması zәmin yarada bilәr.

İran parlamentində bu qanun layihəsi irəlilədikcə bunun həqiqi siyasət dəyişikliyi yoxsa sadəcə diplomatik taktika olub-olmadığı daha aydın görünəcək. Hər bir halda dünya bu prosesi diqqətlə izləyir.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us