İsrailin İranın Ali rəhbəri Ayətullah Əli Xameneiyə qarşı planlaşdırdığı sui-qəsd cəhdinə ABŞ prezidenti Donald Trampın mane olduğu iddia olunur. “AFP” xəbər agentliyinə müsahibə verən yüksək vəzifəli ABŞ rəsmisi D.Trampın İsrailin bu hücum planına qarşı çıxaraq, Tel-Əviv rəhbərliyini belə bir addımdan çəkindirməyə çalışdığını bildirib.
Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi iyunun15-də deyib: “İsraillilərin İran liderinə qarşı hücum planları olduğunu öyrəndik. Prezident D.Tramp isə bu plana qarşı çıxdı və onlara bunu etməmələrini söylədi.”
İsrailin Baş naziri Benyamin Netanyahu isə bu barədə konkret mövqe bildirməyib. “Fox News” telekanalının ABŞ prezidentinin Ayətullah Xameneinin öldürülməsinə qarşı çıxması ilə bağlı xəbərlərə münasibətini soruşmasına cavab olaraq B.Netanyahu deyib: “Bu mövzu haqqında fikir bildirməyəcəm amma deyə bilərəm ki, nə lazımdırsa onu edəcəyik və düşünürəm ki, Amerika Birləşmiş Ştatları da öz maraqları baxımından nəyi etməli olduğunu yaxşı bilir.”
Sözügedən açıqlamalar iyunun 15-də İsrail və İran arasında qarşılıqlı raket hücumlarının baş verdiyi bir vaxtda səsləndirilib. Qüdsdə partlayış səsləri eşidildiyi, Tehranda isə hava hücumundan müdafiə sistemlərinin işə düşdüyü və əhalinin sığınacaqlara yönləndirildiyi bildirilib.
Qeyd edək ki, on illərlə davam edən düşmənçilik və vasitəçilər üzərindən aparılan münaqişələr fonunda bu son gərginlik iki ölkənin bu qədər intensiv şəkildə bir-birini atəşə tutduğu ilk hadisə kimi qiymətləndirilir. Bu isə bütün Yaxın Şərqi əhatə edə biləcək uzunmüddətli müharibə qorxusunu artırıb.
Xatırladaq ki, toqquşmalar iyunun 13-də İsrailin İranın yüksək rütbəli hərbi komandanlarını və nüvə sahəsi üzrə alimlərini hədəf alması, hərbi bazalar, nüvə obyektləri və yaşayış məntəqələrinə hücum etməsi ilə başlayıb.
Tel-Əvivin bu “əsassız” hücumu İranın İsrailə qarşı cavab zərbələri endirməsinə səbəb olub və qarşılıqlı hücumlar hal-hazırda da davam etməkdədir.
Bundan başqa B.Netanyahu “Fox News”a verdiyi müsahibədə İsrailin İranın baş kəşfiyyatçısı Məhəmməd Kazemiyə qarşı hücum təşkil etdiyini bildirib: “Son vaxtlar Tehranda baş kəşfiyyat rəsmisi və onun müavini hədəf alındı”
ABŞ prezidenti D.Tramp isə İsrailin bombardman əməliyyatları ilə bağlı ABŞ-ın heç bir əlaqəsinin olmadığını vurğulayıb. İyunun 15-də “ABC News”a verdiyi açıqlamada Amerika prezidenti ölkəsinin hazırda hərbi əməliyyatlara cəlb edilmədiyini bir daha bəyan edib. O, həmçinin Rusiya prezidenti Vladimir Putinin münaqişəni həll etmək üçün vasitəçi olmağa açıq ola biləcəyini də bildirib.