SİYASƏT
3 dəqiqə oxuma
"Bölgə yeni müharibəyə dözə bilməz", R.T.Ərdoğan
Türkiyə prezidenti İran, Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Pakistan, Suriya və ABŞ başçıları ilə də telefonda danışıb
"Bölgə yeni müharibəyə dözə bilməz", R.T.Ərdoğan
Ərdoğan - telefon danışığı / TRT Global
10 saat əvvəl

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Oman Sultanı Heysəm ibn Tariq ibn Teymur Səidlə telefon danışığı zamanı İsrail və İran arasında artan münaqişəni, həmçinin daha geniş regional və qlobal məsələləri müzakirə edib.

  R.T.Ərdoğan bildirib: “İsrailin İrana hücumları ilə başlayan toqquşmalar regional təhlükəsizlik üçün ciddi risk yaradır… Region yeni bir müharibəni qəbul edə bilməz”. O, İsrailin Baş naziri Benyamin Netanyahu hökumətini tənqid edərək onu “qlobal sabitlik və təhlükəsizlik üçün problem” adlandırıb.

  Ərdoğan altıncı nüvə danışıqları mərhələsindən az əvvəl hücumların baş verməsinə görə təəssüfünü dilə gətirib, Türkiyənin “nüvə mübahisəsinin həlli üçün yeganə yolun danışıqlar olduğu” mövqeyini bir daha vurğulayıb.

  R.T.Ərdoğan İran, Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Pakistan, Suriya və ABŞ başçıları ilə də telefonda danışıb.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

  Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata əsasən, iki ölkə başçısı İsrail ilə İran arasındakı qarşıdurma, eləcə də regional və qlobal məsələləri müzakirə edib.

  Bölgədə vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edən Ərdoğan İranın dövlət rəsmiləri və vətəndaşlarının həlak olması ilə bağlı İran xalqına başsağlığı diləklərini çatdırıb.

  Prezident Ərdoğan mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacibliyini vurğulayaraq Türkiyənin nüvə obyektlərinin ətrafında mövcud vəziyyəti yaxından izlədiyini vurğulayıb.

  R.T.Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. Bununla bağlı Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamenti açıqlama yayıb. Məlumata əsasən, danışıq zamanı Türkiyə prezidenti ölkəsinin İran ilə İsrail arasındakı gərginliyi yaxından izlədiyini, başlanan nüvə danışıqlarını münaqişənin həlli üçün yeganə yol kimi gördüyünü bildirib.

  Prezident Ərdoğan ABŞ-ın da münaqişənin həlli üçün nüvə danışıqlarının davam etməsinin zəruriliyini düşündüyü və bu mövqeyi dəstəklədiyinə inamını ifadə edib. O, Türkiyənin gərginliyin nəzarətdən çıxmasının qarşısını almaq üçün əlindən gələni etməyə hazır olduğunu vurğulayıb.

  İsraillə İran arasında artan gərginliklə bağlı Türkiyənin Təhlükəsizlik Şurasının iclası keçirilib. Toplantı ilə bağlı Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamenti açıqlama yayıb.

  Məlumata əsasən, iclasda İsrailin İran ərazisinə qarşı başladığı əməliyyat nəticəsində yaranmış vəziyyət bütün aspektləri ilə müzakirə olunub. Regionda baş verən hadisələr, o cümlədən qarşıdurmaların dayandırılması istiqamətində göstərilən diplomatik səylər, gərginliyin qlobal və regional təhlükəsizliyə təsirləri, bununla bağlı görülə biləcək tədbirlər, eləcə də Türkiyənin ehtimal olunan ssenarilərə uyğun hazırlığı dəyərləndirilib.

  Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasda Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Ömer Çelik iştirak ediblər.

MƏNBƏ:trt global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us