İstanbulun Boğaziçi Universitetində “Yaxın Şərqdə Qlobal Rəqabət” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Tədbirdə ticarət şəbəkələrinin yenidən formalaşdırılması və mövcud beynəlxalq proseslərin müzakirəsi nəzərdə tutulur.
“Böyük Güc Rəqabəti və Yaxın Şərq: Ticarət marşrutlarının və şəbəkələrinin yenidən çəkilməsi” mövzusuna həsr olunmuş konfrans PLUS İnstitutu (Avstriya Beynəlxalq Tədqiqat və İnkişaf İnstitutu), Əl-Cəzirə Araşdırma Mərkəzi, Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondu (SETA) və Şanxay Universiteti Türk Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
Konfransda Türkiyə, Avstriya, Almaniya, Çin, Rusiya, İran, Qətər, Böyük Britaniya və Fransadan gəlmiş akademiklər, strateqlər və tədqiqatçılar iştirak edirlər.
Tədbirin ilk sessiyasında Yaxın Şərqdə böyük güclər arasındakı rəqabət və imperiya irsi, eləcə də ticarət yolları və Hindistan, Rusiya və Çinin qlobal ticarətdəki rolu müzakirə ediləcək.
Avropanın regiondakı mövqeyi və “strateji muxtariyyət” anlayışı da müzakirələrin gündəmində yer alır.
Konfransın ikinci günü Yaxın Şərqdə strateji uyğunlaşmalar, regional təşəbbüslər, qlobal strategiyalar, həmçinin regionda və beynəlxalq miqyasda münaqişə dinamikasının və iyerarxiyaların dəyişməsi, yaranmaqda olan yeni qlobal nizamın aspektləri müzakirə olunacaq.
Konfrans çərçivəsində alternativ ticarət yolları, enerji dəhlizləri, normativ transformasiyalar, eləcə də “Bir Kəmər, Bir Yol” Təşəbbüsü (BRI), Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi və Hindistan–Yaxın Şərq–Avropa İqtisadi Dəhlizi kimi regional əməkdaşlıq təşəbbüsləri diqqət mərkəzində olacaq.