“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri olan İlon Mask iyunun 30-da özünün sahibi olduğu “X” sosial platformasında paylaşım edərək yazıb: “Açıq şəkildə görünür ki, biz təkpartiyalı bir ölkədə yaşayırıq – Donuz Porki (çizgi film personajı) partiyası! Xalqı həqiqətən düşünən yeni bir siyasi partiyanın vaxtı çatıb.”
İ.Maskın bu açıqlamaları, D.Trampın federal borc miqdarını 5 trilyon dollar artırmağı nəzərdə tutan qanun layihəsinə qarşı mövqeyini ifadə etdiyi bir vaxtda gəlib. Milyarder iş adamı bu planı “ağılsızca xərcləmə” adlandıraraq, həm Demokratlar, həm də Respublikaçıların maliyyə məsuliyyətsizliyi göstərdiyini vurğulayıb.
Qeyd edək ki, İ.Mask son aylarda bu məsələ ilə bağlı D.Trampla açıq mübahisəyə girib və sonradan tonunu yumşaltsa da, bu qarşıdurma ABŞ-ın siyasi elitası ilə Silikon Vadisi investorları arasında artan gərginliyi üzə çıxarıb.
İ.Maskın bu tənqidlərindən sonra “Tesla”nın səhmlərində ciddi dalğalanmalar qeydə alınıb. Şirkət müvəqqəti olaraq 150 milyard dollar dəyərində maliyyә itkisi yaşayıb. Daha sonra səhmlər müəyyən qədər bərpa edilsə də, bu hadisə siyasətçilərlə korporativ liderlər arasındakı ictimai gərginliyin maliyyə bazarlarına nə dərəcədə təsir edə biləcəyini göstərib.
“Amerika Partiyası”
İ.Mask əgər “ağılsızca xərcləmə” adlandırdığı qanun layihəsi qəbul olunarsa, ertəsi gün “Amerika Partiyası” adlı xalqın əsl səsi olacaq yeni siyasi təşkilat quracağını bildirib.
Qeyd edәk ki, ABŞ uzun illərdir Demokratlar və Respublikaçılar tərəfindən idarә edilәn iki partiyalı siyasi sisteminə görə tənqid olunur. Müxtəlif dövrlərdə bu strukturun dar çərçivəsindən çıxmaq və ölkənin siyasi həyatını canlandırmaq məqsədilə yeni siyasi partiyaların yaradılması fikirləri səsləndirilib.
ABŞ Konstitusiyası yeni siyasi partiyaların qurulmasına qadağa qoymasa da, mövcud seçki sistemi və institusional çərçivə əsasən iki böyük partiyanı dəstəkləyir və yeni partiyaların geniş təsir gücünə sahib olmasını son dərəcə çətinləşdirir.