BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk Qəzzada yardım paylama məntəqələri ətrafında mülki şəxslərə qarşı “ölümcül hücumların” “müharibə cinayəti” olduğunu bildirib.
Mühasirəyə alınan Fələstin ərazisindəki xilasetmə qrupları iyunun 3-də İsrailin Qəzzanın cənubundakı Rəfah şəhərində yardım paylama mərkəzinin yaxınlığında mülki şəxsləri hədəf alan İsrail qüvvələrrinin atəşi etməsi nəticəsində ən azı 27 fələstinlinin həlak olduğunu açıqlayıb.
Şahidlərin sözlərinə görə, xilasetmə qruplarının eyni yerdə oxşar hücumun baş verdiyini deməsindən sonra iyunun 1-də ən azı 31 nəfər yardım almağa çalışarkən həlak olub.
Volker Türk "Qəzzada cüzi miqdarda ərzaq yardımına çatmağa çalışan çarəsiz mülki insanlara qarşı ölümcül hücumlar vicdana ziddir" deyib.
"Üç gündür ardıcıl olaraq Qəzzaya Humanitar Yardım Fondu tərəfindən idarə olunan yardım paylama mərkəzinin ətrafında insanlar ölür. Bu gün səhər biz daha onlarla insanın öldüyü və yaralandığı barədə məlumat aldıq", -deyə Volker qeyd edib.
"Müharibə cinayəti"
Mübahisəli İsrail-ABŞ dəstəkli Qəzzaya Humanitar Yardım Fondu (GHF) İsrailin Qəzzada yeni yardım paylama mexanizmini həyata keçirmək üçün əməkdaşlıq etdiyi yeni qrupdur.
Birləşmiş Millətlər Təşkilatı bu fondla əməkdaşlıq etmir, çünki BMT qrupun neytrallıq, ədalət və müstəqillik kimi təməl humanitar prinsiplərə cavab verməməsindən narahatdır.
Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə ali komissarı Volker Türk hər hücumun tez və qərəzsiz araşdırılmasına və günahkarların ədalət qarşısında cavab verməsinə çağırıb.
V.Türk, "Mülki insanlara qarşı hücumlar beynəlxalq hüququn ciddi şəkildə pozulması və müharibə cinayətidir" deyib.
"Fələstinlilərə aclıqdan ölmək yaxud da İsrailin hərbi yardım mexanizmi vasitəsilə təmin olunan məhdud qidaya çatmağa çalışarkən öldürülmə riski ilə qarşı-qarşıya qalmaq kimi dəhşətli seçimlər təqdim edilir. BMT-nin dəfələrlə xəbərdar etdiyi kimi, bu hərbi sistem insan həyatını təhlükəyə atır və yardım paylanması ilə bağlı beynəlxalq standartları pozur", deyə Volker Türk vurğulayıb.