İsrailin müdafiə naziri İsrael Katz İranın iki əzəli düşmən arasında atəşkəs rejimini pozduğunu iddia edib və hərbçilərə İranın paytaxtı Tehrana intensiv hücumlar təşkil etməyi tapşırıb.
Katz “Yedioth Ahronoth” qəzetinə verdiyi açıqlamada "İranın ABŞ Prezidentinin elan etdiyi atəşkəs rejimini kobud şəkildə pozması və İsrailə doğru raketlər atması fonunda, həmçinin istənilən pozuntuya qətiyyətlə cavab vermək niyyətində olan İsrail hökumətinin siyasətinə uyğun olaraq İsrail Müdafiə Qüvvələrinə baş nazirlə koordinasiyalı şəkildə Tehrana qarşı intensiv hücum əməliyyatlarını davam etdirməyi tapşırdım" deyib.
Bu, İsrail ordusunun əhaliyə sığınacaqları tərk etməyin təhlükəsiz olduğunu bildirməsindən qısa müddət sonra baş verib.
Donald Trampın atəşkəs elan etməsindən saatlar sonra İsrail ordusu iyunun 24-də ölkənin şimalında yeni raket hücumu aşkar etdikdən sonra hava hücumu sirenaların səsləndirdiyini iddia edib.
İran ittihamları rədd edir
Bununla belə, İranın İRİB və ISNA xəbər agentliyinin məlumatına görə, İran atəşkəsi qəbul etdikdən sonra İsrailə raket zərbələri endirməsi ilə bağlı iddiaları rədd edir.
İddia edilən pozuntu İsrailin Trampın təklifi əsasında İranla ikitərəfli atəşkəsi qəbul etdiyini elan etməsindən qısa müddət sonra baş verib.
Qeyd edək ki, Tramp iyunun 23-də İsrail və İranın “Tam” və “Ətraflı” atəşkəsi qəbul etdiyini, İsrailin İranın nüvə obyektlərinə və bir sıra digər obyektlərə hücumları ilə iyunun 13-də başlayan “12 günlük müharibəyə” son qoyduğunu açıqlayıb.
İran isə raket zərbələri ilə cavab verib. ABŞ daha sonra iyunun 22-də səhər saatlarında İranın üç nüvə obyektini bombalayaraq tamamilə məhv etdiyini iddia edib..
İran buna cavab olaraq iyunun 23-də axşam ABŞ ordusunun Qətərdəki Əl-Udeyd aviabazasına bir sıra raketlər atdı.
Atəşkəs iyunun 24-də saat 04:00-da qüvvəyə minib, Tramp hər iki tərəfi onu pozmamağa çağırıb.