İsrail müxalifət başçısı Yair Lapid Qəzzadakı qırğının çıxılmaz hal aldığını bildirib, bunu “uğursuzluq” adlandıraraq Baş nazir Benyamin Netanyahunun radikal hökumətini soyqırımı dayandırmağa və Qəzzada əsir saxlanılanların azad edilməsinə üstünlük verməyə çağırıb. O, 26 iyunda X platformasında yazıb: “Qəzzada etdiklərimiz işləmir. Müharibə dalana dirənib. Savaşı bitirməyin vaxtıdır. Strategiya uğur gətirmirsə, hökumət onu vaxtında dəyişdirməyi bilməlidir.”
Y.Lapidin bu sözləri iyunun 24-də Xan Yunisdə “Həmas”ın pusqusu zamanı zirehli personal daşıyıcısında 7 İsrail əsgərinin öldürülməsindən sonra gəlib. O, təxminən 50 nəfərdən ibarət olan və 20-sinin sağ olduğu güman edilən İsrail əsirinin geri qaytarılması üçün razılaşma çağırışını yeniləyib və müharibədən sonra Qəzzanın idarə olunmasında Misirin iştirakını təklif edib: “Biz Misirə Qəzza zolağını idarə etməyə icazə verməliyik, İsrail ordusu isə ərazinin ətrafında yerləşərək təhdidləri dəf etməli, qaçaqmalçılığı dayandırmalı və “Həmas”ı iqtisadi cəhətdən boğmalıdır”.
Lapid həmçinin yazıb: “Həmas”ın məğlub edilməsi əsgərlərimizi Qəzzada tükətməklə deyil, strategiya, təşkilatçılıq və ağıllı zamanlama ilə mümkündür".
Knesset (İsrail parlamenti) üzvü və keçmiş sədri Mikey Levi (Mickey Levy) də Lapidi dəstəkləyərək “X”də yazıb: “Biz dayanmalıyıq. Bu müharibə istiqamətsiz bir aşınma savaşına çevrildi. Razılaşmaq vaxtıdır.”