İstanbulda Türkiyə vasitəçiliyi ilə keçirilən görüşdə Rusiya-Ukrayna sülh səyləri üçün nadir irəliləyiş müşahidə edilib: hər iki tərəf böyük əsirlər mübadiləsi barədə razılığa gəlib. Türkiyə xarici işlər naziri Hakan Fidan bunu "Dünya sülhü üçün vacib gün" adlandırıb.
Rusiya nümayəndə heyəti İstanbulda Ukrayna nümayəndə heyəti ilə keçirilən danışıqların yekunlarına dair bəyanatla çıxış edib. Rusiya nümayəndə heyətinin rəhbəri, Prezidentin köməkçisi Vladimir Medinski jurnalistlərə açıqlamasında Rusiyanın danışıqların nəticələrindən məmnun olduğunu bildirib. Onun sözlərinə görə, tərəflər əsirlərin “1000-ə 1000” formatında genişmiqyaslı mübadiləsi barədə razılığa gəliblər. Bundan əlavə, Ukrayna tərəfi dövlət başçıları səviyyəsində görüşün keçirilməsini xahiş edib. Rusiya bu müraciəti nəzərə aldığını bəyan edib.
Medinski onu da qeyd edib ki, Moskva danışıqlar prosesini davam etdirməyə hazırdır. Tərəflər atəşkəsin təmin olunması ilə bağlı, o cümlədən yazılı şəkildə detallı təkliflərini təqdim etmək barədə razılığa gəliblər.