Rusiyanın birtərəfli qaydada elan etdiyi atəşkəs rejimi rəsmi olaraq qüvvəyə minib. Atəşkəs mayın 11-i gecə yarısına qədər davam edəcək.
Rəsmi Moskva Rusiya prezidenti Vladimir Putinin 1945-ci ildə İkinci Dünya Müharibəsində nasist Almaniyasının məğlubiyyətinin 80-ci ildönümü münasibətilə keçiriləcək Qələbə Gününə həsr olunmuş tədbirlər çərçivəsində hərbi əməliyyatları müvəqqəti dayandırdığını elan edib.
Lakin Ukrayna prezidenti Volodimir Zelenski bu təşəbbüsü dəstəkləməyib. O, xarici qonaqlara keçiriləcək mərasimə qatılmamaları barədə xəbərdarlıq edib və onların təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini bildirib.
Moskva bu bəyanatları “təhdid” kimi qiymətləndirib. Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, Ukrayna tərəfi atəşkəsi pozarsa Rusiya Silahlı Qüvvələri buna adekvat cavab verəcək.