Ərəb ölkələrinin liderləri fələstinlilərin köçürülməsini rədd edərək, Misirin müharibədən sonrakı planını dəstəkləyiblər. Suriya prezidenti Əhməd əl-Şaraa məcburi köçlə bağlı fəaliyyətləri pisləyərək, bunun ərəb dünyası üçün böyük bir sınaq olduğunu vurğulayıb.
Misir prezidenti Əbdülfəttah əs-Sissi bildirib ki, ərəb ölkələrinin liderləri iki milyona yaxın fələstinlinin öz torpaqlarında qalmasına imkan verən planı təsdiqləyiblər. Çərşənbə axşamı Qahirədə keçirilən görüşdə liderlər, ABŞ prezidenti Donald Trampın ərazinin boşaldılması və kurort zonası kimi yenidən qurulması planına əks təklifi qəbul ediblər.
Sammitdə çıxış edən Suriya prezidenti Əhməd əl-Şaraa, fələstinlilərin yurd-yuvalarından didərgin düşürülməsini pisləyib və bunun ərəblər üçün böyük bir “sınaq” olduğunu bildirib. O, qeyd edib ki, bu cür çağırışlar təkcə Fələstin xalqı üçün deyil, bütün ərəb xalqları üçün təhlükə yaradır. Fələstin xalqının öz torpaqlarından qopardılmasının qəbuledilməz olduğunu vurğulayan əl-Şaraa, bütün ərəblərin bu planlara qarşı mövqe göstərməsinin vacibliyini qeyd edib.
Siyasi çərçivəyə ehtiyac
Sammitdə çıxış edən Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Qəzzanın bərpası üçün aydın bir siyasi çərçivənin vacibliyini vurğuladı.
“Qəzzanın yenidən qurulması üçün beynəlxalq hüquq prinsiplərinə əsaslanan aydın bir siyasi çərçivəyə ehtiyac var”,- deyə BMT baş katibi bildirdi.
“Qəzza gələcəkdəki Fələstin dövlətinin ayrılmaz bir hissəsi olaraq qalmalıdır” deyən Antonio Quterreş bildirib ki, Qəzza təhlükəsizlik, sabitlik və xalqının ayrılmaz hüquqları üzərində qurulmalıdır.
Gərginliyin azaldılması ilə bağlı çağırış edən Antonio Quterreş Qəzzaya humanitar yardımın çatdırılmasının əhəmiyyətini bir daha diqqətə çatdırıb.
Quterreş sammiti beynəlxalq ictimaiyyətin müharibəni dayandırmaq, ağrı-acıları yüngülləşdirmək və davamlı sülhün təmin olunması baxımından mühüm addım kimi qiymətləndirdi.