İQTİSADİYYAT
3 dəqiqə oxuma
Çin və Avstraliya bankları faiz dərəcələrini azaldıb
Çin və Avstraliya mərkəzi bankları, daxili və qlobal iqtisadi təzyiqlərə qarşı mübarizə aparmaq məqsədilə koordinasiyalı şəkildə monetar siyasəti yumşaltmaq qərarına gəliblər
Çin və Avstraliya bankları faiz dərəcələrini azaldıb
/ AP
4 saat əvvəl

Çin hökuməti mayın 20-də oktyabr ayından bəri ilk dəfə olaraq əsas faiz dərəcələrini aşağı salıb. Rəsmilər Çin və ABŞ arasında davam edən ticarət münaqişəsinin iqtisadiyyata təsirini azaltmaq üçün valyuta siyasətini genişləndirməyə çalışırlar.

Gözlənilən faiz endirimləri, həm istehlakı, həm də kredit genişlənməsini təşviq etməyi, eyni zamanda kommersiya banklarının daralan faiz marjalarını qorumağı hədəfləyir.

“Çin Xalq Bankı”nın (PBOC) açıqlamasına görə, banklar tərəfindən müəyyən edilən birillik əsas faiz dərəcəsi (LPR) 10 xal azalaraq 3,0 faizə, beşillik LPR isə 3,5 faizə endirilib.

Çində verilən yeni və mövcud kreditlərin əksəriyyəti birillik LPR-ə əsaslanır, beşillik göstərici isə ipoteka kreditlərinin qiymətinin formalaşmasına təsir göstərir. Kredit faiz dərəcələrinin endirilməsi, ölkənin ən böyük beş dövlət bankının depozit faizlərini azaltdığını elan etməsindən sonra baş verib. “Çin Sənaye və Ticarət Bankı”, “Çin Kənd Təsərrüfatı Bankı”, “Çin Tikinti Bankı” və “Çin Bankı” bəzi müddətlər üzrə depozit faizlərini 5 ilə 25 xal arasında endirib.

Mayın 19-da “Reuters” xəbər agentliyinin yaydığı məlumata görə, bu banklar 20 may tarixindən etibarən faizləri aşağı salmağı planlaşdırırlar. Depozit faizlərindəki bu azalmalar, daha kiçik bankların da oxşar qərarlar qəbul etməsinə səbəb ola bilər.

Qeyd edək ki, faiz qərarından sonra bank səhmləri yüksəlib və "CSI Bank İndeksi" 0,7 faiz artaraq "SSE İndeksi"ni qabaqlayıb.

MUFG bankının baş bazar analitiki Marko Sun bildirdi ki, bu ikitərəfli faiz endirimləri kreditləşməni stimullaşdırmaq və istehlakı təşviq etmək məqsədi daşıyır. Sun bildirib ki, əgər xarici geosiyasi risklər iqtisadi sabitliyə olan ümidləri ciddi şəkildə kölgəyə salmasa, mərkəzi bank qarşıdakı aylarda ‘‘gözlə və bax’’ strategiyasına keçə bilər."

ANZ bankının baş strateqi Tsinq Zaopenq isə mayın 20-də edilən faiz endirimlərinin qabaqlayıcı xarakter daşıdığını bildirib. Zaopenq "Əsas məqsədlərdən biri kommersiya banklarının xalis faiz marjasını bərpa etmək və gələcəyə hazırlıqdır" deyərək iyul ayının sonuna qədər daha bir faiz endiriminin mümkün olduğunu vurğulayıb.

Faiz endirimləri, bu ayın əvvəlində Cenevrədə keçirilən Çin-ABŞ danışıqlarından əvvəl "Çin Xalq Bankı"nın sədri Pan Gonqşenq və digər maliyyə tənzimləyicilərinin açıqladığı daha geniş tədbirlər paketinin bir hissəsidir.

Qlobal investisiya bankları Çin iqtisadiyyatı ilə bağlı böyümə proqnozlarını artırsa da, Çin və ABŞ arasında davam edən ticarət danışıqları ilə bağlı qeyri-müəyyənlik hələ də qalır.

Nomuranın iqtisadçısı Tinq Lu bu həftə dərc etdiyi qeyddə bu ifadələrə yer verib: "Pekinin təxminən 5 faizlik artım hədəfinə çatması olduqca çətin görünür. Ticarət müharibəsində gərginliyin azaldığını nəzərə alsaq, Pekinə əlavə stimullaşdırıcı tədbirlər və islahatlar tətbiq etmək üçün təzyiq də azala bilər." Lakin son iqtisadi göstəricilər, artımın hələ də zəif olduğunu göstərir.

Rəsmi məlumatlara əsasən, Çində yeni mənzil qiymətləri aprel ayında əvvəlki ayla müqayisədə dəyişməyib. Bu, sektoru sabitləşdirmək cəhdlərinə baxmayaraq, artım tempindəki durğunluğun demək olar ki, iki ilə qədər uzandığını göstərir. Eyni zamanda, banklar tərəfindən verilən yeni kreditlər də ötən ay gözləniləndən daha çox azalıb.

Avstraliya Mərkəzi Bankı (RBA) inflyasiyanın hədəflənən səviyyəyə yaxınlaşmasından sonra bu il ikinci dəfə olaraq faiz dərəcəsini dörddəbir xal azaldaraq 3,85 faizə endirib. RBA həmçinin nəğd pul dərəcəsini 4,1 faizdən aşağı salıb. Bu qərar, fevral ayında keçirilmiş iclasda 4,35 faizdən başlayan azalmadan sonra, oktyabr 2020-dən bəri ilk faiz endirimi olub.

Əslində, faiz endiriminin həyata keçirilməsi gözlənilirdi, lakin ötən həftə ABŞ və Çinin son tarifləri 90 gün müddətində azaltmaq barədə razılaşmasından sonra bu gözləntilər bir qədər zəifləmişdi. Bank, inflyasiyanı 2-3 faiz arasında saxlamaq məqsədilə faiz dərəcələrini tənzimləyir. Mart rübündə illik inflyasiya 2,4 faiz, bankın üstünlük verdiyi göstərici olan əsas inflyasiya isə 2,9 faiz səviyyəsində qeydə alınıb.

Xatırladaq ki, inflyasiya 2022-ci ilin son rübündə 7,8 faizlə ən yüksək həddə çatdıqdan sonra mərhələli şəkildə aşağı düşməyə başlayıb. İşsizlik səviyyəsi isə yanvar-mart ayları arasında 4,1 faizə yüksəlsə də, bu göstərici hələ də nisbətən aşağı hesab olunur. Lakin iqtisadçılar bildirirlər ki, əmək bazarındakı işçi çatışmazlığı inflyasiyanın yenidən artmasına səbəb ola bilər.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us