Moskva rәhbәrliyi son günlər Ukraynaya qarşı PUA və raket hücumlarını intensivləşdirib.
Odessa qubernatoru Oleq Kiper "Telegram" kanalında paylaşdığı məlumatda bildirib ki, Rusiyanın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücum nəticəsində yaşayış binasında dağıntılar baş verib. Axtarış-xilasetmə qrupları dağıntılar altından iki nəfərin meyitini çıxarıb.
Qubernatorun sözlərinə görə, hücum gecə saatlarında baş verib. Xәsarәt alanların üçü uşaq olmaqla ümumilikdə 14 nəfər yaralanıb.
Bundan başqa, Ukraynanın cənubundakı Xersona Rusiya ordusunun hücumları nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. Xerson vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin "Telegram" kanalında bildirib ki, Rusiya hərbçiləri bölgədəki kritik və sosial infrastruktur obyektlərini, eləcə də yaşayış məntəqələrini hədəf alıb.
Bununla yanaşı, Rusiya Müdafiə Nazirliyi Ukraynanın şərqində, Donetsk vilayətində yerləşən Çervona Zirka yaşayış məntəqəsinin nəzarətə götürüldüyünü açıqlayıb.
Sülh danışıqlarında isə rәsmi Moskva Ukraynadan ərazi tәlәb edәrәk Qərbin hərbi dəstəyindən imtina etməsini istәyir. Kiyev rәhbәrliyi isə bu tələbləri qəbuledilməz hesab edir.