SİYASƏT
2 dəqiqə oxuma
ABŞ İsrailə çağırış etdi
ABŞ-ın Daxili Təhlükəsizlik naziri Kristi Noem İsrail Baş naziri Netanyahuya prosesin öz axarı ilə davam etməsinə imkan verməyi tövsiyə etdiyini bildirib
ABŞ İsrailə çağırış etdi
U.S. Homeland Security Secretary Kristi Noem visits Jerusalem / Reuters
27 may 2025 г.

Amerika Birləşmiş Ştatlarının Daxili Təhlükəsizlik naziri Kristi Noem İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi görüşdə ABŞ-ın İranla apardığı danışıqlarla bağlı səmimi bir fikir mübadiləsi aparıldığını bildirib. ‘‘Fox News’’ telekanalına müsahibə verən K. Noem deyib: “Prezident Donald Tramp məni şəxsən bura göndərdi ki, Baş nazir ilə bu danışıqların necə irəlilədiyi barədə danışım və bu prosesə davam etməyə icazə verməyin nə qədər vacib olduğunu izah edim”.

Qeyd edək ki, K. Noem bu açıqlamaları İran və ABŞ nümayəndə heyətlərinin ötən həftə Romadakı danışıqları başa vurmasından və məhdud da olsa müəyyən irəliləyiş əlamətlərinin ortaya çıxmasından sonra verib.

Prezident D. Tramp isə mayın 25-də verdiyi bəyanatda İranla aparılan nüvə danışıqlarında “ciddi irəliləyiş” əldə olunduğunu və danışıqların davam etdiriləcəyini bildirib.

İran nüvə razılaşmasını rədd edir

Rəsmi Tehran bundan əvvəl, ABŞ-la aparılan dolayı nüvə danışıqları çərçivəsində hər hansı müvəqqəti razılaşmanı müzakirə etdiyini rədd etmişdi.

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Baqai Tehranda keçirdiyi mətbuat konfransında deyib: “Əgər ABŞ-ın məqsədi İranın nüvə proqramını sülh yolu ilə davam etdirməsini təmin etməkdirsə, bu mümkündür. Biz heç vaxt hərbi nüvə potensialı axtarışında olmamışıq. Əgər məqsəd İranı aşağı səviyyəli uran zənginləşdirmə kimi fundamental haqlarından məhrum etməkdirsə, bu cür danışıqların uğurlu olacağına inanmırıq”.

Nazirlik sözçüsü həmçinin rəsmi Tehranın Vaşinqtonla razılaşmanı asanlaşdırmaq məqsədilə növbəti üç il ərzində uran zənginləşdirməsini dayandıracağı barədə beynəlxalq mediada yayılan xəbərləri təkzib edib. “Xeyr, gündəmdə belə bir məsələ qətiyyən yoxdur”, – deyə o, xüsusi olaraq vurğulayıb.

Oman İranın nüvə proqramı ilə bağlı əsas fikir ayrılıqlarını aradan qaldırmaq məqsədilə Tehran və Vaşinqton arasında vasitəçilik missiyası həyata keçirir.
Son bir ay ərzində beş raund danışıqlar keçirilib və bunların üçü Omanın paytaxtı Maskatda baş tutub.

Xatırladaq ki, prezident Tramp 2018-ci ildə ABŞ-ı İran və dünya gücləri arasında 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxarıb və o vaxtdan bəri daha yaxşı bir razılaşma axtarışına başlamışdı.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us