Birləşmiş Millətlər Təşkilatının nüvə müşahidə qurumu olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi İranın bir neçə ay ərzində zənginləşdirilmiş uran istehsalına yenidən başlaya biləcəyini bildirib.
Xəbər verildiyi kimi, İsrail 13 iyun tarixində İranın nüvə silahı inkişaf etdirməsinin qarşısını almaq məqsədilə ölkə daxilində hücumlar həyata keçirdiyini açıqlamışdı. Ancaq xatırladaq ki, rәsmi Tehran bu cür iddiaları həmişə rədd edir. Bundan sonra ABŞ İranın nüvə proqramında istifadə olunan üç əsas obyektinə hava zərbələri endirmişdi vә prezident Donald Tramp İranın nüvə proqramının onillərlə geri salındığını demişdi.
İranın xarici işlər naziri Abbas Əraqçi isә öz növbәsindә nüvə obyektlərinə ciddi zərər dəydiyini qәbul etmiş, lakin hələlik tәfәrruatlı məlumat olmadığını bildirmişdi.
Baş verәn hadisәlәrdәn sonra AEBA-nın rəhbəri R.Qrossi isə bəyan edib ki, bəzi obyektlər hələ də fəaliyyət göstərə bilir. Onun sözlərinə görə, bir neçə ay ərzində bəzi sentrifuqa kaskadları fəaliyyətə başlaya və zənginləşdirilmiş uran istehsal edilə bilər. Bu fikirlər iyunun 28-dә yayımlanan müsahibə mətnində yer alıb.
Ən vacib suallardan biri isə budur ki, İran hücumlardan əvvəl təxminən 408,6 kiloqram (900 funt) yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatının bir hissəsini və ya hamısını başqa yerə köçürə bilibmi?
Qeyd edək ki, bu uran dinc məqsədlər üçün lazım olan səviyyənin üstündə, lakin nüvə silahı istehsalında istifadə oluna biləcək həddin bir qədər altındadır. Əgər bu mәhsul daha da zənginləşdirilərsə, nəzəri baxımdan doqquzdan artıq nüvə bombası istehsal etmək üçün kifayət edə bilər.
R.Qrossi “CBS News”a verdiyi müsahibədə deyib: “Bu uran ehtiyatlarının harada olduğunu bilmirik. Ola bilər ki, hücum zamanı bir hissəsi məhv edilib, lakin eyni zamanda bir hissəsi də köçürülmüş ola bilər. Bu məsələyə bir nöqtədə aydınlıq gətirməliyik. Orada nəyin baş verdiyini, harada olduğunu və nə yaşandığını təsdiqləmək imkanımız olmalıdır.”
Hazırda İran parlamenti AEBA ilə əməkdaşlığın dayandırılması yönündə səs verib və rәsmi Tehran xüsusilə əsas uran zənginləşdirmə obyekti olan Fordo zavoduna R.Qrossinin səfər etmәk istəyini rədd edib.
Uran ehtiyatlarının köçürülmәsiylә bağlı mәsәlәyә aydınlıq gәtirәn prezident Donald Tramp “Fox News”a müsahibәsindә deyib: “Bu olduqca çətin məsələdir və biz qabaqcadan çox xəbərdarlıq etmədik. Belә düşünürәm ki, onlar heç nəyi köçürə bilməyiblər.”
ABŞ Dövlət Katibi Marko Rubio isə iyunun 28-dә verdiyi açıqlamada rәsmi Vaşinqtonun AEBA-nın İranda apardığı kritik yoxlama və nəzarət səylərinə dəstəyini vurğulayıb və R.Qrossi ilə onun rəhbərlik etdiyi agentliyi fədakarlıqları və peşəkarlıqları üçün təriflәyib.