ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Steve Vitkof Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə "uzunmüddətli sülh" razılaşmasını istədiyini bildirib. Xüsusi nümayəndə bu barədə üç ildən artıqdır davam edən müharibəyə son qoymaq məqsədi daşıyan görüşlərdən sonra açıqlama verib.
Aprelin 11-də Trampın xüsusi nümayəndəsi Stiv Vitkof Sankt-Peterburqda Putinlə görüşüb. Putin-Vitkof görüşü Respublikaçı liderin yanvarda Ağ Evə qayıtmasından sonra üçüncü görüşolub.
Vitkof aprelin 14-də "Fox News" telekanalına müsahibəsində deyib ki, sülh sazişi artıq “hazır olmaq üzrədir” və Putinin iki əsas müşaviri Yuri Uşakov və Kirill Dmitriyevlə “səmərəli görüş” keçirib.
"Putinin tələbi burada daimi sülhün bərqərar olmasıdır. Ona görə də biz atəşkəs məsələsi ilə yanaşı, bunu da müzakirə etdik. Bu nöqtəyə gəlmək bizim üçün bir qədər vaxt apardı", -deyə Vitkof bildirib.
"Düşünürəm ki, biz bütün dünyaya təsir edəcək çox əhəmiyyətli bir hadisənin astanasında ola bilərik" deyən Vitkof Rusiya ilə ABŞ arasında ticarət razılaşmalarının da danışıqların bir hissəsi olduğunu qeyd edib.
“Mən inanıram ki, bizim Rusiya-ABŞ münasibətlərini regiona real sabitlik gətirəcək çox təsir edici ticarət imkanları vasitəsilə yenidən formalaşdırmaq imkanımız var”, - deyə xüsusi nümayəndə Vitkof bildirib.
Qeyd edək ki, Tramp Moskva və Kiyevi atəşkəsə razı salmağa çalışsa da, ABŞ prezidenti Rusiya və ABŞ rəsmiləri arasında ardıcıl danışıqlarda Kremldən heç bir əhəmiyyətli güzəşt əldə edə bilməyib.
Ötən ay Putin ABŞ və Ukraynanın hərbi əməliyyatların tam və qeyd-şərtsiz dayandırılmasını tələb edən birgə təklifini rədd etmişdi. Kreml Qara dənizdə mümkün atəşkəsi Qərbin müəyyən sanksiyaları ləğv etməsi şərti ilə qoyub.