Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Ailə və Sosial Xidmətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Ailə Forumunun qala mərasimində çıxış edib.
Tədbirə göstərilən böyük marağı vurğulayan Əminə Ərdoğan deyib:
“İnanıram ki, narahatlıqlarımız ortaqdır. Ailəyə qarşı təhdidlərin getdikcə artdığı bu dövrdə hamımızın məqsədi ailəni qorumaqdır”.
Əminə Ərdoğan forumun bu ümumi məqsədə çatmaq üçün “güclü həmrəyliyin ilk addımı” olduğuna inandığını da qeyd edib.
Ailəni cəmiyyətin təməl daşı kimi xarakterizə edən Türkiyənin birinci xanımı Əminə Ərdoğan onun dəyərlərin ötürülməsi, təhlükəsizliyin təmin olunması və milli kimliyin formalaşmasında əsas rol oynadığını vurğulayıb.
“Necə ki, gül budağını çoxaltmaq üçün onu suya salırıq, ailə də sivilizasiyanın irsinin kök saldığı qədim sudur”, – deyə Əminə Ərdoğan qeyd edib.
Qlobal təhdidlərə toxunan Əminə Ərdoğan bu çağırışların xüsusilə uşaqların şüurunu hədəf aldığını söyləyib.
“Ailə bütün cəmiyyətlərin ortaq dəyəridir və bütün dinlərdə müqəddəs bir ünsür kimi qəbul olunur”, – deyən Türkiyənin birinci xanımı bütün hökumətləri ailəni qorumağa yönəlmiş siyasətləri gücləndirməyə çağırıb.
2025-ci ili “Ailə İli” elan edən Türkiyənin birinci xanımı Əminə Ərdoğan ölkəsinin ailə birliyinin möhkəmləndirilməsinə yönəlmiş bir sıra təşəbbüslərini diqqətə çatdırıb. O, evlilik və uşaq dəstəyi proqramları, himayədar ailə modeli və UNICEF tərəfindən yüksək qiymətləndirilən Könüllü Ürəklər Layihəsi kimi sosial layihələrin bu istiqamətdəki əhəmiyyətini vurğulayıb.
Əminə Ərdoğan çıxışında həmçinin Türkiyənin köklü mədəni dəyərlərinə toxunaraq deyib:
“Türk mədəniyyətinin ruhu, nəsillərin bir yerdə yaşadığı geniş ailə modelində əks olunur.”
O, Harvard Universitetində aparılan bir araşdırmaya istinad edərək deyib: “İnsan xoşbəxtliyinin sirri, güclü və davamlı münasibətlər qura bilmə qabiliyyətindədir.”
Çıxışında Fələstin məsələsinə də toxunan Əminə Ərdoğan deyib:“2023-cü il oktyabrın 7-dən bu günə qədər Fələstində 2000-dən çox ailə tamamilə məhv edilib”.
O, beynəlxalq ictimaiyyəti bu faciəyə biganə qalmamağa çağırıb.
Forum çərçivəsində 15 ölkənin nümayəndələri ilk dəfə BMT-nin 78-ci Baş Assambleyasında təqdim edilən Qlobal Sıfır Tullantı Xoşməramlı Bəyannaməsini imzalayıblar. Fələstin, Nigeriya, Seneqal, Malayziya, Qırğızıstan və digər ölkələrin nazirləri və yüksək vəzifəli şəxsləri bir daha öz öhdəliklərini təsdiqləyiblər.
Tədbirdən sonra rəsmi internet səhifəsində paylaşım edən Əminə Ərdoğan deyib: "Ailə, insanlığın ən qədim və ən qiymətli xəzinəsidir". O, həmçinin Beynəlxalq Ailə Forumunun qala mərasimində iştirak etməkdən məmnunluğunu ifadə edib.