SİYASƏT
3 dəqiqə oxuma
BMT-nin yenidən qurulması ilə bağlı təkliflərdən bəziləri bunlardır
Birləşmiş Millətlər Təşkilatı (BMT) böyük bir islahat planını nəzərdən keçirir. Bu plan çərçivəsində əsas departamentlərin birləşdirilməsi və resursların dünya üzrə yenidən bölüşdürülməsi təklif olunur
BMT-nin yenidən qurulması ilə bağlı təkliflərdən bəziləri bunlardır
UN eyes mega-merger of its main agencies in a bold move towards global reform. / Public domain
2 may 2025 г.

Yüksək səviyyəli bu təhlil ABŞ prezidenti Donald Trampın dövründə xarici yardımın kəsilməsi nəticəsində humanitar agentliklərin üzləşdiyi çətinliklər fonunda baş verir. "Çox məxfi" qiymətləndirilən və “Reuters”də verilən altı səhifəlik sənəddə BMT-nin onlarla agentliyini dörd əsas departamentdə birləşdirmək təklif olunur: 1) Sülh və təhlükəsizlik, 2) Humanitar məsələlər, 3) Dayanıqlı inkişaf və 4) insan hüquqları.

  Dünya Ərzaq Proqramı, BMT-nin Uşaq Fondu (UNİCEF), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının əməliyyat aspektlərinin vahid humanitar qurumda birləşdirilməsi təklif edilir.

  Memorandumda başqa təkliflər də yer alır: bəziləri böyük, bəziləri isə kiçik və spekulyativdir. Əgər bütün təkliflər qəbul edilərsə, bunlar BMT-də onilliklər ərzində baş vermiş ən genişmiqyaslı islahatlar olacaq.

  Təkliflər arasında BMT-nin QİÇS agentliyinin ÜST-yə birləşdirilməsi və iclaslarda tərcüməçilərin sayının azaldılması da var. Hətta Ümumdünya Ticarət Təşkilatının (BMT-yə aid olmayan qurum) BMT-nin inkişaf agentlikləri ilə birləşdirilməsi belə təklif olunur.

  Memorandum "Başlanğıc nöqtəsi" olaraq xarakterizə edilir. Lakin sənədin dili həm BMT tərəfdarları, həm də tənqidçilərinin uzun müddətdir dediklərini təsdiqləyir: BMT-nin strukturunun sadələşdirilməsinə ehtiyac var. Sənəddə təkrarlanan mandatlar, resursların səmərəsiz istifadəsi, parçalanma və təkrarlanma kimi problemlər vurğulanır və yüksək vəzifələrin artması qeyd olunur.

  Memorandumda BMT-nin üzləşdiyi sistemli problemlər təsvir edilir. Baş Assambleyanın yeni missiyalar və proqramlar əlavə etməsi bu problemləri daha da ağırlaşdırır. "Artan mandatlar tez-tez aydın çıxış strategiyaları olmadan ciddi təkrarlanmalara, səmərəsizliyə və xərclərin artmasına səbəb olub," – deyə sənəddə qeyd edilir.

  Bu memorandum 2025-ci ilin mart ayında BMT Baş katib Antonio Quterreş tərəfindən təyin edilmiş işçi qrupu tərəfindən hazırlanıb. Quterreş həmin vaxt təşkilatın daha səmərəli çalışması üçün islahatlara ehtiyac olduğunu bildirmişdi. İşçi qrupu uzunmüddətli struktur dəyişikliklərini nəzərdən keçirib və bu, qısamüddətli xərclərin azaldılması səylərinə əlavə olaraq həyata keçirilib.

  A.Quterreşin sözçüsü Stefan Dujarric bildirib: "Memorandum BMT baxışını həyata keçirmək üçün yüksək səviyyəli rəsmilərdən ideya və təkliflər toplamaq məqsədilə aparılıb. Quterreş uzun müddətdir BMT islahatlarını dəstəkləyir. 2017-ci ildə Donald Tramp ilə görüşündə Baş katib ABŞ prezidentinə BMT-nin "parçalanmış strukturlar, mürəkkəb prosedurlar və sonsuz bürokratiya ilə yükləndiyi”ni demişdi

  Hazırda BMT 80 illik tarixində ən böyük maliyyə böhranlarından biri ilə üz-üzə qalıb. İlin əvvəlində ABŞ BMT-nin ən böyük donor ölkəsi olaraq müntəzəm büdcə üçün 1,5, sülhməramlı əməliyyatlar üçünsə 1,2 milyard dollar verirdi. Trampın hakimiyyət başına gəldiyi 2025-ci ilin yanvar ayından Amerika xarici siyasəti çərçivəsində xarici yardımları milyardlarla dollar azaldıb”.

  Memorandumda heç bir ölkənin adı çəkilmədən "geosiyasi dəyişikliklər və xarici yardım büdcəsindəki əhəmiyyətli azalmalar təşkilatın legitimliyini və effektivliyini çətinləşdirir" deyə yazılıb. Bunun təsirləri arasında BMT Humanitar ofisinin 58 milyon dollarlıq büdcə çatışmazlığı səbəbindən işçilərinin 20 %-ni ixtisar etməsi də var. UNİCEF-in 20, BMT Miqrasiya Agentliyinin isə 30 % faiz büdcə azalması 6000 iş yerinə təsir edə bilər.

  BMT İqtisadi və Sosial Şurasının sədri, Kanada səfiri Bob Rey bildirib ki, "Bu kəsintilər dərhal və dağıdıcı təsir göstərir. Qaçqın düşərgələrində ərzaq paylarını azaldırıq, bu çox pisdir."

  Memorandumda bəzi BMT işçilərinin daha bahalı şəhərlərdən daha ucuz yerlərə köçürülməsi və Romadakı əməliyyatların birləşdirilməsi də təklif olunur. “Reuters” tərəfindən nəzərdən keçirilən başqa bir qısa daxili memorandumda isə yüksək səviyyəli BMT rəsmilərinə 2025-ci il mayın 16-dək Nyu-York və ya Cenevrədən kənarda yerinə yetirilə biləcək işlərin siyahısını hazırlamaq tapşırılıb.

  "Biz işimizi yaxşılaşdırmaq, səmərəliliyi maksimuma çatdırmaq və xərcləri azaltmaq üçün cəsarətli və dərhal addımlar atmalıyıq" deyə memorandumda qeyd edilir.

  Qeyd edək ki, mayın 1-də Cenevrədə yüzlərlə BMT işçisi iş yerlərinin ixtisarına etiraz bildirib. Memorandumda Nyu-Yorkda BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasını dəstəkləyən işçilərin qalacağı deyilir.

MƏNBƏ:trt global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us