Türkiyə Respublikasının nəqliyyat naziri Abdulkadir Uraloğlu iyunun 23-dən 29-dək olan dövrü əhatə edən statistikaya əsasən, İstanbul hava limanının Avropada ən çox uçuş həyata keçirilən aeroport olduğunu bildirib. Onun sözlərinə görə, bu müddətdə İstanbul hava limanında gündəlik orta hesabla 1.553 uçuş baş tutub.
Nazir qeyd edib ki, İstanbul hava limanı bu nəticə ilə Fransanın “Şarl de Qoll”, Almanyanın “Frankfurt” və Böyük Britaniyanın “Hitrou” aeroportu kimi böyük Avropa hava limanlarını geridə qoyub. A.Uraloğlu əlavə edib ki, eyni siyahıda Türkiyənin turizm mərkəzlərindən biri olan Antalya hava limanı gündəlik orta hesabla 996 uçuşla 10-cu yerdə qərarlaşıb.
Avropa Hava Naviqasiyası Təhlükəsizliyi üzrə Təşkilatının (Eurocontrol) iyunun 23-dən 29-dək olan dövrə dair hesabatına istinad edən A.Uraloğlu bildirib ki, Türkiyə bu dövrdə gündəlik orta hesabla 3.992 uçuşla Avropada hava nәqliyyatının həcmi baxımından 6-cı yerdə qərarlaşıb. Bu göstərici ilə Türkiyə Yunanıstan, Niderland və Polşa kimi ölkələri də geridə qoyub.
Bölgəsəl və qlobal hava nəqliyyatı mərkəzi
Nazir A.Uraloğlu vurğulayıb ki, Türkiyə artıq tәkcә tranzit ölkə deyil, eyni zamanda bölgəsəl və qlobal hava nəqliyyatı mərkəzinə çevrilib. Onun sözlərinə görə, ölkədə gündəlik orta uçuş sayı COVID-19 pandemiyası öncəsi dövrlə müqayisədə 15 faiz artıb.
O həmçinin əlavə edib ki, Türkiyə COVID-19 pandemiyasından əvvəlki səviyyəyə çatmış və Avropada ilk 10-luqda yer alan altı ölkədən biridir. Uçuş saylarında sabit artım müşahidə olunur.
Nazir onu da vurğulayıb ki, 23–29 iyun tarixləri arasında İstanbul hava limanında gündəlik orta hesabla 773 təyyarə havaya qalxıb. Bu nəticə ilə İstanbul hava limanı dünyanın ən işlək 25 hava limanı arasında 7-ci sırada qәrarlaşıb.