Rusiya, Ukraynanın paytaxtı Kiyevə və liman şəhəri Odessaya PUA zərbələri endirib. Ukrayna rəsmiləri hücumlar nəticəsində bir nəfərin həlak olduğunu və bir doğum evinin vurulduğunu bildirib, Rusiyaya əlavə sanksiyalar tətbiq edilməsini tələb edib. Ukrayna həmçinin əks-hücumlara başladığını açıqlayıb.
Xatırladaq ki, həftə sonu İstanbulda keçirilən sülh danışıqlarında məhbus mübadiləsi barədə razılaşma əldə olunub. Bu, mühüm bir irəliləyiş sayılsa da, münaqişənin tam həlli ilə bağlı hələ də yekun razılıq əldə olunmayıb.
Kiyevin mərkəzində isə ən azı 12 partlayış səsi eşidilib. Hücum zamanı ən azı 7 ərazi hədəf alınıb, bir çox bina və avtomobil yandırılıb. Bir neçə nəfərin yaralandığı bildirilib.
Əsir mübadiləsi
Bazar ertəsi səhər saatlarında Ukrayna və Rusiya əsir mübadiləsinin birinci mərhələsini həyata keçirib. Mübadilə nəticəsində neçə əsgərin azad edildiyi barədə məlumat verilməyib.
Əsir mübadiləsini alqışlayan Ukrayna Prezidenti Volodimir Zelenski ötən həftə verdiyi açıqlamada, mövcud Rusiya nümayəndə heyəti ilə görüşün "mənasız" olduğunu bildirmişdi. Zelenski daha əvvəl həmin nümayəndə heyətini "boş başlar" adlandırmış və atəşkəsə dair heç bir razılaşmanın əldə olunmadığını vurğulamışdı.
Bazar günü isə Rusiya ordusu Ukraynanın qismən Rusiyanın nəzarətində olan Donetsk və Zaporojya vilayətləri ilə həmsərhəd olan Dnepropetrovsk vilayətinə hücum etdiklərini iddia edib.
Rusiya döyüşlərə son qoymağın şərti kimi Ukraynadan Moskvanın ilhaq etdiyini iddia etdiyi ərazilərdən imtina etməsini və NATO-ya üzv olmaqdan vaz keçməsini tələb edir. Rusiya həmçinin Kiyev və Avropa İttifaqının tələb etdiyi 30 günlük qeyd-şərtsiz atəşkəsi rədd edərək, bunun Ukrayna qüvvələrinin Qərbdən gələn silahlarla yenidən silahlanmasına şərait yaradacağını irəli sürüb.
Ukrayna isə rəsmi Moskvanın tələblərini "ultimatum" kimi xarakterizə edərək, Rusiyanın bütün işğal etdiyi ərazilərdən tamamilə çıxmasını və Qərbdən təhlükəsizlik zəmanəti tələb edir.