Şahidlərin verdiyi məlumata görə, çərşənbə günü Liviyanın paytaxtı Tripolidə silahlı toqquşmalar yenidən alovlanıb.
Paytaxtın Ayn Zara, Ras Hassan və Bin Aşur məhəllələrində silahlı qruplar arasında zorakılıq baş verib. Hazırda xəsarət alanlarla bağlı məlumat verilmir.
Birləşmiş Millətlər Təşkilatının Liviyadakı Dəstək Missiyası, Tripolida davam edən qarşıdurmalardan narahatlığını ifadə edib. Təşkilatın rəsmi "X" internet səhifəsində yayımlanan açıqlamada belə deyilir: "Birləşmiş Millətlər Təşkilatının Liviyadakı Dəstək Missiyası Tripolidə insanların sıx yaşadığı məhəllələrdə zorakılıqların artmasından narahatdır. Bu vəziyyət, saysız-hesabsız mülki vətəndaşları ciddi təhlükə ilə üz-üzə qoyur." BMT həmçinin bütün yaşayış məntəqələrində qeyd-şərtsiz atəşkəsə çağırıb.
Qarşıdurmalar, bazar ertəsi günü Prezident Şurasının Sabitliyə Dəstək Şöbəsinin rəhbəri Abdel Qani əl-Kiklinin ölümündən sonra başlayıb.
Liviya 2011-ci ildə ölkəni 40 il repressiv rejimlə idarə edən Müəmmər Qəddafinin devrilməsindən sonra qeyri-sabitlik və xaosla mübarizə aparır.