İsrail Fransa prezidenti Emmanuel Makronu hədəf alıb və işğal altındakı İordan çayının Qərb sahilində yəhudi İsrail dövləti quracağını bildirib.
İsrailin müdafiə naziri İsrael Katz deyib: "İordan çayının Qərb sahilindəki ərazidə yəhudi İsrail dövləti quracağıq”. Bu açıqlama İsrail hökumətinin beynəlxalq hüquqa görə qeyri-qanuni 22 yeni qəsəbəyə icazə verməsindən bir gün sonra verilib. Katz bildirib ki, “bu addım Fransa prezidenti Emmanuel Makrona “aydın mesaj"dır. Çünki Makron son vaxtlar fələstinlilərə güclü dəstək ifadə edib və İsrail Xarici İşlər Nazirliyi onu “yəhudi dövlətinə qarşı səlib yürüşünə başlamaq qədər irəliləmək”də ittiham edib.
İsrailin “Walla” xəbər agentliyinə görə, 250 mindən çox fələstinli Qəzzanın şimalındakı Cəbəliyyə düşərgəsindən köçməkdədir. Bu, İsrailin davam edən “Gideonun arabaları” hərbi hücumunun bir hissəsidir. Yaxın keçmişdə İsrail Xan Yunis və Deyr Bələh arasındakı sahilyanı ərazilərə ölümcül zərbələr endirmişdi.
Yeni yardımlara baxmayaraq, BMT Qəzzada vəziyyəti "fəlakətli" olaraq qiymətləndirib. Bildirilib ki, yardım çatdırılması qismən bərpa olunsa da, Qəzzada vəziyyət indi həmişəkindən daha pisdir.
BMT-nin sözçüsü Stefan Dujarric deyib: “Bu günə qədər məhdud sayda yardımlar çox az təsir göstərib. Qəzzadakı fəlakətli vəziyyət İsrailin 19 ay əvvəl başladığı müharibədən bəri ən pisidir."