Vaşinqton mümkün İran nüvə proqramı sazişi çərçivəsində Tehranın uran zənginləşdirməsinə icazə verməyəcək.
Bu barədə ABŞ Prezidenti Donald Tramp sahibi olduğu “Truth Sosial” sosial şəbəkəsində yazıb.
“Potensial sazişimiz çərçivəsində İranın uran zənginləşdirməsinə icazə verməyəcəyik”, – o qeyd edib.
Amerika lideri vurğulayıb ki, “avtoqələm (əvvəlki ABŞ Prezidenti Cozef Baydenin administrasiyası – red.) çoxdan Tehranın uran zənginləşdirməsini dayandırmalı idi”.
“Axios”un məlumatına görə, bu plan yeni zənginləşdirmə obyektlərini qadağan edəcək, əsas uran infrastrukturlarının sökülməsini tələb edəcək və beynəlxalq nəzarəti gücləndirəcək.
Həmçinin, bu plana əsasən, İranın zənginləşdirmə səviyyəsini müvəqqəti olaraq 3 faizə endirməsi və yeraltı obyektləri qeyri-müəyyən müddətə bağlaması tələb olunacaq. Yerüstü zənginləşdirmə isə Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) standartlarına uyğun olaraq reaktor yanacağı səviyyəsində məhdudlaşdırılacaq.
Razılaşma həmçinin ciddi nəzarət mexanizmlərini, o cümlədən IAEA-nın Əlavə Protokolunun dərhal qəbul edilməsini nəzərdə tutur. Bu, agentliyə həm bəyan edilmiş, həm də edilməmiş obyektlərdə yoxlamalar zamanı ekoloji nümunələr götürmək səlahiyyəti verəcək.
Zənginləşdirmə əsas mübahisə mövzusu olaraq qalır
Əvvəllər İran zənginləşdirmədən məhrum edən hər hansı nüvə razılaşmasını rədd etmişdi.
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, əgər məqsəd İranı dinc fəaliyyətlərindən məhrum etməkdirsə, o zaman heç bir razılaşma əldə olunmayacaq.
Əraqçi İranın nüvə proqramı ilə bağlı “gizlədəcək heç nəyi olmadığını” vurğulayaraq deyib:
“İranın dinc nüvə proqramı var... Bu barədə hər hansı tərəfə və ya quruma zəmanət verməyə hazırıq”.
Tramp yeni razılaşma axtarır
ABŞ və İran arasında beşinci nüvə danışıqları 23 may tarixində Romada Oman vasitəçiliyi ilə keçirilib.
2015-ci ildə İran və dünya gücləri arasında imzalanmış nüvə razılaşmasından çıxan Tramp Tehrana heç vaxt nüvə silahı inkişaf etdirməyə imkan verməməkdə israr edib.
O, əvvəlki razılaşmadan daha sərt və daha icraedilən yeni bir razılaşma üzərində danışıqların vacibliyinə təkid edir.