İran tərəfindən İsrailə 50 ballistik raket atılıb. İsrail ordusu Təl-Əviv, Yerusalim və Hayfa şəhərlərində əhalini sığınacaqlara getməyə çağırıb.
İsrail ordusunun açıqlamasına görə, ölkənin hava hücumundan müdafiə sistemləri raketləri zərərsizləşdirməyə çalışır. İsrailin şəhərlərində həyacan siqnalı çalınır.
Nəzərə çatdıraq ki, bu saatlarda İsrail Tehran polisinin mərkəzi ofisini bombalayıb. Ölən və yaralananlar haqqında hələlik məlumat yoxdur. Raketlərdən biri isə İran parlamentinin yanına düşüb və mülki əhali arasında ölənlər var.
İran prezidenti Məsud Pezeşkian bəyan edib ki, İsrail bombardmanı dayandırmasa, daha ağır zərbələr alacaq.
İsrailin Baş naziri Benyamin Netanyahu isə bildirib ki, cavab ağır olacaq. O nəzərə çatdırıb ki, İran İsraili yer üzərindən silməyə çalışır, lakin buna müvəffəq olmayacaq. Baş nazir deyib ki, bu müharibədən İsrail qalib çıxacaq.
“Biz heç vaxt müharibə istəməməşik və danışıqları davam etdirib əmin amanlıq yaratmağa çalışmışıq. Lakin buna baxmayaraq, bizə qarşı müharibə başlatdılar”. İRNA agentliyi xəbər verir ki, bu sözləri İran hökumətinin nümayəndəsi Fatimə Möhacerian Tehranda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, İsrailin bombardmanı nəticəsində 30-dan çox uşaq və qadın həlak olub, İranın bütün hava limanlarından uçuşlar dayandırılıb.
Hökumət nümayəndəsinin sözlərinə görə, hazırda ölkə müharibə vəziyyətindədir və lazım olan tədbirlər həyata keçirilir: “Ölkədə dərman və digər tibbi ləvazimatlar, ərzaq, yanacaq, nəqliyyat vasitələrinin qıtlığı yoxdur. Məscidlər və metro stansiyaları sığınacaq üçün hazırlanıb və əhali həyəcan siqnalı zamanı bu məkanlara sığına bilər”.
“Hərbi məkanlarla yanaşı, mülki evlər də raketlə vurulur ki, bunun da nəticəsində şəhid olanların sayı artır” deyən hökumət nümayəndəsi Qərb mətbuatında “İranda yalnız hərbi obyektlər vurulur” xəbərlərini təkzib edib. İran xalqına müraciət edən nümayəndə xaricdə yaşayan iranlılara da xitabən bildirib ki, “Ölkə ağır günlər yaşayır və hamı birlik nümayiş etdirməlidir”.
Fatimə Möhacerian bildirib ki, Tehranda neft anbarının bombalanmasına baxmayaraq, şəhərdə yanacaq çatışmazlığı yoxdur. Yollar və Şəhərsalma Nazirliyinin əməkdaşları ölkənin digər yerlərində yerləşən anbarlardan yanacaq daşıyaraq paytaxtı yanacaqla təmin edirlər.
“Hazırda tibb müəssisələri, banklar və başqa hökumət idarələri çalışmaqda davam edir” deyən Fatimə Möhacerian Allahın köməkliyi ilə bu ağır günlərin öhdəsindən gələcəklərini bildirib.